Nigeriyalı mütəxəssis: Bakı müasir şəhərsalma sahəsində nümunə kimi öyrənilə bilər
Bakı, 20 may, AZƏRTAC
Yaşıl sahələr və ictimai məkanlar hər bir böyük şəhərin ayrılmaz hissəsi olmalıdır. Çünki yaşıllıq şəhər mühitində təbii balansın qorunmasına kömək edir, ictimai məkanlar isə insanların istirahəti və sosial həyatı üçün vacib rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən nigeriyalı mütəxəssis Uzoma Aqaptus deyib.
O bildirib ki, şəhərlərdə, hətta kiçik ölçüdə olsa belə, insanların dincələ və vaxt keçirə biləcəyi açıq məkanların yaradılması çox önəmlidir: “İnsanlar belə yerlərdə rahatlanır, ünsiyyət qurur və gündəlik həyatın stresindən uzaqlaşırlar. Azərbaycan haqqında əldə etdiyimiz məlumatlar göstərir ki, ölkə müharibə və dağıntılar dövründən keçib. Buna baxmayaraq, burada aparılan yenidənqurma və şəhərsalma işləri diqqətəlayiqdir. Bakıda qədim şəhər hissəsi ilə müasir şəhərsalmanın bir arada inkişaf etməsi xüsusi maraq doğurur. Hesab edirəm ki, Azərbaycan və xüsusilə Bakı şəhəri müasir şəhərsalma və yenidənqurma sahəsində nümunə kimi öyrənilə bilər. Bu təcrübə müharibədən zərər görmüş digər şəhərlər üçün də faydalı ola bilər".