Rasix Saqitov: Dağ şəhərlərində dayanıqlılıq prinsipi infrastruktur planlaşdırılmasının əsasını təşkil etməlidir
Bakı, 20 may, AZƏRTAC
Dağlıq ərazilərdə yerləşən şəhərlərin inkişafı zamanı əsas prioritet təhlükəsizlik və infrastruktur dayanıqlılığı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər” Beynəlxalq Assosiasiyasının baş katibi Rasix Saqitov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, Qırğızıstanın Narın şəhəri yüksək dağ silsilələri ilə əhatələnmiş çətin coğrafi şəraitdə yerləşir və müxtəlif təbii risklərlə üz-üzədir.
“Şəhər nəqliyyat əlçatmazlığı, sərt iqlim şəraiti, güclü qar yağışları, daşqınlar, sel, torpaq sürüşmələri və qar uçqunları kimi ciddi çağırışlarla qarşılaşır. 2022-ci ilin may ayında Narın şəhərində beşillik şəhər dayanıqlılığı proqramı qəbul olunub. Proqramın əsas məqsədi Narını Mərkəzi Asiyanın mürəkkəb dağlıq şəraitində iqtisadi, sosial və mədəni baxımdan inkişaf edə bilən dayanıqlı şəhərə çevirməkdir”, – deyə o bildirib.
Müxbir - Səbinə Əlizadə