Luis Galleqos: İqlim riskləri həssas qruplar üçün daha böyük təhlükə yaradır
Bakı, 20 may, AZƏRTAC
Şəhərlərdə yaşayan həssas qruplar, o cümlədən qeyri-formal yaşayış məntəqələrinin sakinləri, fiziki məhdudiyyətli şəxslər, eləcə də xüsusi sağlamlıq ehtiyacları olan yaşlı insanlar su təminatı ilə bağlı daim diqqət mərkəzində saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Məsləhət Şurasının sədri Luis Qalleqos Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər dayanıqlılığının gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, süni intellekt vasitəsilə su sızmalarının aşkarlanması, sensor sistemləri və real vaxt rejimində monitorinq kimi ağıllı su idarəetməsini formalaşdıran rəqəmsal innovasiyalar əlçatanlıq prinsipləri nəzərə alınmaqla hazırlanmalıdır. Şura sədrinin sözlərinə görə, bu texnologiyaların üstünlükləri yalnız rəqəmsal sistemlərə çıxışı olan, maddi imkanları geniş və yüksək hərəkət qabiliyyətinə malik insanlar üçün deyil, cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmalıdır.
“Su idarəetməsi ilə bağlı qərarların qəbulunda ictimai iştirakçılıq və birgə yaradıcı yanaşmalar əlilliyi olan şəxsləri, yaşlıları və digər həssas qrupları da əhatə etməlidir. İnklüziv su idarəçiliyi həm daha ədalətli, həm də daha effektivdir. Çünki bu yanaşma insanların real ehtiyaclarını və müxtəlif həyat şəraitlərini əks ettirir”, – deyə o bildirib.
Luis Qalleqos vurğulayıb ki, iqlim dəyişikliyinin yaratdığı risklər bu məsələnin aktuallığını daha da artırır. O diqqətə çatdırıb ki, daşqınlar zamanı əlilliyi olan şəxslər və yaşlı insanlar təxliyə prosesində daha ciddi çətinliklərlə üzləşirlər. Quraqlıq səbəbindən su təchizatında problemlər yarandıqda isə ilk və ən ağır təsirlərə məhz həssas qruplar məruz qalır.
“Bu səbəbdən “su ilə ağıllı şəhərlər” insan müxtəlifliyinin bütün spektrini nəzərə alan məkanlar olmalıdır. Təbiət əsaslı həllərdə, dayanıqlı şəhər dizaynı və inteqrasiya olunmuş şəhər su idarəetməsi mexanizmlərində fiziki məhdudiyyətli şəxslərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət ayrılmalıdır. İqlim maliyyələşdirilməsi mexanizmləri də bu aspekti mütləq nəzərə almalıdır”, – deyə o əlavə edib.