Mübariz Qurbanlı: Dağ ərazilərinin inkişafı ölkənin balanslı inkişaf modelinin formalaşmasına xidmət edir
Bakı, 20 may, AZƏRTAC
Dağlıq ərazilərin davamlı inkişafı regionların sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və ölkənin balanslı inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Mübariz Qurbanlı bildirib ki, dağlıq ərazilər ekoloji kənd təsərrüfatının inkişafı, su və enerji ehtiyatları baxımından böyük potensiala malikdir.
Deputat vurğulayıb ki, Azərbaycan mühüm dağ potensialına malik ölkələrdən biridir və dövlət siyasətində bu ərazilərin inkişafına xüsusi diqqət ayrılır.
“Bizim yanaşmamız dağ ərazilərinin ümumi regional inkişaf strategiyasının ayrılmaz hissəsi kimi davamlı inkişafının təmin edilməsidir. Bu istiqamət dövlət strategiyalarında və regionların sosial-iqtisadi inkişafına dair proqramlarda öz əksini tapıb”, – deyə o əlavə edib.