Məktəb kitabxanaları və informasiya savadlılığı- elmi seminar
Bakı, 20 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Məktəb kitabxanaları və informasiya savadlılığı” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Aynur Ələsgərova məruzə edib. Magistrant məktəb kitabxanalarının formalaşma tarixi, inkişaf mərhələləri, onların təhsil prosesindəki rolu barədə məlumatları diqqətə çatdırıb. “Kitabxana işi haqqında” Qanunda kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu qeyd edib.
Məruzədə informasiya savadlılığının mahiyyəti izah olunub, bu prosesin şagirdlərin məlumatı axtarmaq, qiymətləndirmək və düzgün istifadə etmək bacarıqlarının formalaşmasına mühüm təsir etdiyi bildirilib: “Məktəb kitabxanaları şagirdlərin informasiya savadlılığının formalaşmasında mühüm rol oynayır, onların təlim bacarıqları inkişaf etdirir. Bu bacarıqlar şagirdlərdə tənqidi düşüncəni gücləndirir, onları müstəqil öyrənməyə və akademik uğurlarını artırmağa təşviq edir”.
Araşdırmada tədrisin informasiya təminatında aparıcı rola malik olan məktəb kitabxanalarının müasir informasiya cəmiyyətinin tələbləri səviyyəsində təşkili, kitabxana fondlarının rəqəmsal resurslarla zənginləşdirilməsi, şagirdlərin informasiya axtarışı bacarıqlarının davamlı inkişaf etdirilməsi, məktəb kitabxanalarının informasiya resurslarının menecmenti kimi istiqamətlər tədqiq olunub.
Elmi seminar müzakirələrlə davam edib.