WUF13-də biznes dəyirmi-masa: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?”
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Business Roundtable” tədbirində qlobal mənzil böhranı, özəl sektorun rolu və dayanıqlı şəhərsalma üçün maliyyə mexanizmləri əsas müzakirə mövzusu olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) nümayəndəsi Edlan Yumeru bildirib ki, WUF13-ün əsas diqqət mərkəzində dünyada mənzil və yaşayış şəraiti ilə bağlı həssaslıq riski ilə üzləşən 3,4 milyard insanın problemləri dayanır. O qeyd edib ki, forum bu çağırışlara cavab verəcək praktik həll yollarının müzakirəsi üçün mühüm platformadır.
Edlan Yumeru vurğulayıb ki, UN-Habitat dövlət qurumları, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, siyasətçilər və özəl sektor arasında əməkdaşlıq üçün geniş imkanlar yaratmağa çalışır. Onun sözlərinə görə, mənzil maliyyələşməsi sahəsində mövcud boşluqların yalnız dövlət resursları hesabına aradan qaldırılması mümkün deyil və özəl sektor bu istiqamətdə əvəzolunmaz tərəfdaş hesab olunur.
Bildirilib ki, UN-Habitatın yeni dördillik strateji planında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Qeyd olunub ki, özəl kapitalın beynəlxalq maliyyə institutları və çoxtərəfli maliyyə mexanizmləri ilə birgə səfərbər olunması təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir.
Çıxış zamanı qeyd edilib ki, WUF13 çərçivəsində aparılan müzakirələr “Bakı Fəaliyyət Çağırışı” sənədinin formalaşmasına töhfə verəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur və burada formalaşan tərəfdaşlıqlar gələcək qlobal təşəbbüslər üçün yol xəritəsi rolunu oynayacaq.
Tədbir “Hindistanda əlçatan mənzil sahəsində sektorlararası maliyyə katalizatorlarının təmin edilməsi” və “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” mövzularda dəyirmi masa ilə davam edir.