Təşkilat rəhbəri: Hökumətlərə mənzil təminatı üçün dayanıqlı ekosistemlərin qurulmasında dəstək verməliyik
Bakı, 20 may, AZƏRTAC
Biz 50 ildən artıqdır ki, mənzil sektorunda fəaliyyət göstəririk. 100-dən çox ölkəyə 24 milyard Amerika Birləşmiş Ştatları dollarından artıq investisiya və məsləhət xidmətləri ilə dəstək vermişik.
AZƏRTAC xəbər verir ki, bunu Dayanıqlı Şəhərlər üzrə “Mission Bouygues International” təşkilatının prezidenti Yves-Laurent Sapoval BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirilməsindən Yerli Əlçatan Mənzil Gündəliyinə: Qlobal İnkişaf və Submilli Maliyyələşdirmədən İstifadə" adlı tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, siyasət üzrə məsləhətləri, dövlət investisiyalarını, özəl sektor maliyyələşməsini və risklərin azaldılması alətlərini bir araya gətirməklə, əlçatan mənzil sektoruna özəl investisiyaların yönəlməsi üçün uyğun şərait yarada bilərik: “İkincisi, bu, layihədən-layihəyə yanaşmadan proqram əsaslı və genişmiqyaslı yanaşmaya keçmək deməkdir. Biz 3 milyard insanı əhatə edən böhranı kiçik pilot layihələrlə həll edə bilmərik. Hökumətlərə mənzil maliyyələşməsi və mənzil təminatı üçün dayanıqlı ekosistemlərin qurulmasında dəstək verməliyik. Bu isə torpaq idarəçiliyi, mülkiyyət hüquqları, şəhərsalma qaydaları, tikinti normaları və maliyyə bazarı infrastrukturunun eyni vaxtda inkişaf etdirilməsi deməkdir. Üçüncüsü isə texnologiya və innovasiyalardan istifadə etməkdir. İstər tikinti və istismar xərclərini azaltmaq üçün “yaşıl” tikinti texnologiyalarından istifadə olsun, istərsə də əmlak qeydiyyatı və kredit qiymətləndirilməsi üçün rəqəmsal alətlərdən yararlanmaq — texnologiya köhnə maneələri aradan qaldırmaq üçün yeni imkanlar yaradır. Heç bir qurum bu böhranı təkbaşına həll edə bilməz. Bizə əməkdaşlığa hazır olan tərəflərin geniş koalisiyası lazımdır. Əlçatan və dayanıqlı mənzil təminatı üçün qlobal hərəkat yaratmaq məqsədilə biliklərimizi, resurslarımızı və alətlərimizi birləşdirməliyik”.