Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır
Bakı, 20 may, AZƏRTAC
“Məqsədimiz tikilən yeni binalarda karbon emissiyasını azaltmaqdır. İşlərimizi bu istiqamətdə quraraq dövlətlər, iş adamları və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə qarşılıqlı əməkdaşlıq edirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda WUF13 çərçivəsində təşkil olunan “Şəhər-sənaye-iqlim: Qarşılıqlı əlaqədə mənzil və binaların karbonsuzlaşdırılması” mövzusundakı sessiyada çıxışında “İnnovasiyalı şəhərə keçid məqsədimizdir” platformasının direktoru Corciya Rambelli deyib.
O bildirib ki, innovativ və dayanıqlı həyat tərzi yaratmaq üçün yaşayış binalarında karbon emissiyasının azaldılması zəruridir. Bu istiqamətdə atılan addımlar sırasında alternativ enerjiyə keçidlə evlərin təmiz enerji ilə təminatını diqqətdə saxlamaq lazımdır.
“Bir binanın tikintisi zamanı onun enerji və su təchizatını, məişət tullantılarını nəzərə almaq, insanların sosial həyatı üçün imkanlar yaradılmalıdır. Tikinti zamanı istifadə olunan materialların mənşəyi də ekoloji təmiz olmalıdır. Biz bu məqsədlərə nail olmağa çalışırıq. Lakin görüləsi işlər də çoxdur”, - deyən platforma direktoru nəzərə çatdırıb ki, karbonsuzlaşdırma probleminin tam aradan qaldırılması tək dövlətin, özəl sektorun və vətəndaş cəmiyyətinin işi deyil, problemin aradan qaldırılması üçün birgə fəaliyyət vacibdir.