BMT sistemi təşkilatları pandemiya dövründə “karbon izləri”ni azaldıblar
Bakı, 10 noyabr, AZƏRTAC
Səfərlərə qoyulan məhdudiyyətlər və evdən işləmə BMT sistemi təşkilatlarının fəaliyyəti ilə bağlı istixana qazlarının həcminin ötən il ərzində 25 faiz azalmasına gətirib çıxarıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, pandemiyanın BMT-nin işinə təsirini öyrənən yeni araşdırmanın müəllifləri belə qənaətə gəliblər.
Nəticələri şərh edən BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, bəşəriyyətin yaşadığı iqlim böhranı havanın çirklənməsi problemlərinin həllində hamının iştirakını tələb edir. “BMT dünyada fəaliyyət göstərən qurumları tərəfindən ətraf mühitə mənfi təsir göstərən “karbon izi”ni azaldaraq başqalarına nümunə olmağa çalışır”, - deyə o bildirib.
BMT sisteminə qərargahda və yerlərdə işləyən 315 000 işçi, 56 agentlik, təşkilat və digər qurumlar daxildir. 2020-ci ildə BMT müxtəlif istixana qazlarının iqlimə təsir etmək potensial qabiliyyətini ifadə edən vahidin cəmi 1,5 milyon ton “karbon dioksid ekvivalenti” istehsal edib. Beləliklə, hər bir işçinin payına 5 ton “ekvivalent” düşüb.
Əsas çirklənmə mənbəyi binalardır, onların payına bütün emissiyaların 55 faizi təsadüf edir. İkinci yerdə təyyarə ilə uçuşlar və digər nəqliyyat növləri ilə hərəkət etmədir. 2016-cı ildən bu göstəricilərdəki əsas tendensiyaları öyrənərək tədqiqatın müəllifləri bu qənaətə gəliblər ki, məqsədyönlü səylər sayəsində müsbət dəyişikliklər hələ pandemiyadan əvvəl başlayıb.
Məsələn, BMT, onun sülhməramlı missiyaları da daxil olmaqla, istehsal olunan tullantıların miqdarını adambaşına 369 kiloqrama qədər azaltmağa nail olub. “Mavi dəbilqəliləri” nəzərə almasaq, 2020-ci ildə hər bir BMT təmsilçisinin payına 184 kiloqram tullantı düşüb ki, bu da 2019-cu ildəkindən 43 kiloqram azdır.
Pandemiya havanın təmizliyinə əhəmiyyətli təsir göstərdi, çünki bir çox işçi evdən işləyirdi, ezamiyyətlərin sayı isə ciddi şəkildə məhdudlaşdırılmışdı.
Tədqiqatın müəllifləri hesab edirlər ki, planlaşdırılmamış eksperiment BMT sisteminin özünün ətraf mühitə zərərli təsirini azaltmaq baxımından, xüsusən də işinin yenidən təşkili yolu ilə imkanlarını üzə çıxarmağa şərait yaradıb.