DÜNYA
BMT: Sudanda aclıq fəlakəti ilə mübarizə üçün 6 milyard dollar lazımdır

Bakı, 18 fevral, AZƏRTAC
BMT rəsmiləri tarixin ən dəhşətli aclıq fəlakəti və vətəndaş müharibəsi nəticəsində kütləvi miqrasiya ilə üzləşən insanların əzablarını yüngülləşdirmək üçün bu il donorlardan Sudana humanitar yardım məqsədilə 6 milyard dollar istəyib.
AZƏRTAC xəbər verir ki, BMT-nin bildirdiyinə görə, artıq əhalinin beşdəbirini köçkün etmiş və insanların təxminən yarısının şiddətli aclığına səbəb olmuş Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri (RSF) arasında 22 aylıq müharibənin nəticələri vəziyyəti daha da pisləşdirəcək.
“Reuters” xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeyn Cenevrədə diplomatların iştirakı ilə keçirilən tədbirdə videoformatda çıxışı zamanı deyib: “Sudan indi dünyanın ən böyük və ən ciddi aclıq böhranının episentridir”. O, rəqəmləri açıqlamayıb, amma ümumi əhalisinin hazırda təxminən 48 milyon nəfər olduğu Sudanda aclıq fəlakəti ilə üzləşən insanların sayının həddindən artıq olduğu bildirilir.
Bəzi humanitar yardım agentlikləri Sudana yardım göstərmək üçün Vaşinqtondan icazə aldıqlarını desələr də, insanları aclıqdan xilas etmək üçün nəzərdə tutulan xərclərinin məbləği ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.
BMT-nin planı ölkədə təxminən 21 milyon insana çatmağı hədəfləyir və bu, 4,2 milyard ABŞ dolları tələb edən 2025-ci ilə qədər ən iddialı humanitar aksiyadır. Qalan vəsait isə münaqişə nəticəsində köçkün düşmüş insanlar üçün nəzərdə tutulub.