BMU ilə Özbəkistan universiteti arasında əlaqələr genişləndirilir
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistan Respublikasının Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universiteti (TİFT) arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə görüş keçirilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki universitet arasında bu ilin əvvəlində imzalanan anlaşma memorandumundan irəli gələn məsələlər, o cümlədən müəllim və tələbə mübadiləsi, ikili diplom proqramlarının icrası, ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitet haqqında ətraflı məlumat verib. TİFT ilə qurulan tərəfdaşlığın həm təhsil, həm də elmi istiqamətlərdə yeni imkanlar açacağına inamını ifadə edən prorektor bu əməkdaşlıq çərçivəsində gənc mütəxəssislərin hazırlanması, akademik mühitin inkişafı və beynəlxalq elmi konfransların təşkilində birgə iştirak kimi istiqamətləri vurğulayıb.
Görüşdə TİFT-in Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Asilakhon İbodullayeva təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib.
Müzakirələr zamanı TİFT-in bir tələbəsinin hazırda mübadilə proqramı çərçivəsində BMU-da təhsil aldığı bildirilib və bu istiqamətdə işlərin gücləndirilməsi qeyd olunub.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı olub və gələcək layihələrin icrası üçün yeni imkanlar açıb.