ELM VƏ TƏHSİL
BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib. BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev müasir çağırışlar və qlobal tendensiyalar fonunda həm ali, həm də peşə təhsili müəssisələrində rəqabətqabiliyyətli kadr hazırlığının vacib məqamlarına, eyni zamanda, qoyulan hədəflərə nail olunması üçün təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə diqqət çəkib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də İKT, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat kimi vacib istiqamətlər üzrə kadr hazırlığının aparıldığını xatırladan rektor Mərkəzin məzunlarının gələcəkdə təhsillərini eyni istiqamətlər üzrə BMU-da davam etdirəcəklərinə ümidvar olduğunu söyləyib. Sərgi-təqdimatın təşkili və tələbələrin bu prosesdə fəallığını yüksək dəyərləndirən rektor onlara uğurlar arzulayıb.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib, eləcə də Avtomatika, telekommunikasiya və energetika kafedrasının baş müəllimləri Fəxrəndə Məmmədova və Hamed Kağazçının rəhbərliyi ilə tələbələrin hazırladıqları qurğuların, maketlərin təqdimatı edilib.
Sərgi iştirakçıları “Arduino ilə işıq detektorlu günəş paneli”, “Simsiz enerji ötürülməsi”, “Arduino ilə insan izləyən robot”, “Arduino ilə zibil qutusunun idarə edilməsi”, “Piano dizaynı”, “Ev heyvanlarını bəsləmək üçün Wi-Fi cihazı” nümayiş etdirilib. Həmçinin sərgi çərçivəsində qonaqlar “Barmaq izinə əsaslanan biometrik davamiyyət sistemi”, “Xətt izləyən robot”, “Su səviyyəsinin göstəricisi”, “RED ağıllı plant”, “Elektrik enerjisinin kəsilməsi zamanı, internetin fasiləsizliyi üçün modemin ekstra güc qaynağı ilə təmin edən qurğu”, “Təkmilləşdirilmiş idarəetmə qurğusunun hazırlanması” kimi maraqlı layihələrlə tanış olublar.
Sərgi-təqdimatda nümayiş olunan layihələr tədbir iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.