BOKS ÜZRƏ BEYNƏLXALQ TURNİR BAŞA ÇATMIŞDIR
Martın 22-də Bakı İdman Sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti, professor Ənvər Çoudrinin şərəfinə təşkil edilmiş ənənəvi beynəlxalq turnirin final görüşləri keçirilmişdir.
Azərbaycan boksçuları Ceyhun Əbiyev (48 kiloqram), Ağasi Məmmədov (54 kiloqram), Rövşən Hüseynov (57 kiloqram), Fərhad Acalov (60 kiloqram), Tofiq Əhmədov (64 kiloqram), Ruslan Xairov (69 kiloqram) və Əli İsmayılov (81kiloqram) öz çəki dərəcələrində qızıl medallara layiq görüldülər.
Digər çəki dərəcələrində Rusiyanın üç, Özbəkistanın isə bir idmançısı turnirin qalibi oldu.
AŞPA sədrinin müavini və Büro üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev, Avropa Boks Federasiyasının prezidenti Emil Jeçev, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Özbəkistanın ölkəmizdəki səfiri Əbdüqafur Əbdürrəhmanov, Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev və başqaları qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri təqdim etdilər.
Beləliklə, Bakıda dünyanın 12 ölkəsindən 109 idmançının iştirakı ilə keçirilən 7-cı beynəlxalq turnir başa çatdı. Azərbaycan boksçuları 7 qızıl, 2 gümüş və 5 bürünc medal qazanaraq, komanda hesabında birinci yerə çıxdılar. Rusiya, Özbəkistan və Türkiyə boksçuları müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tutdular. Azərbaycan komandası turnirin ən yaxşı komandası adına layiq görüldü.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti, professor Ənvər Çoudri ənənəvi turnirin çox gözəl, yüksək səviyyədə təşkilindən məmnun qaldığını bildirdi. O, Azərbaycan Boks Federasiyasının prezidenti, MOK-un baş katibi Ağacan Abiyevə turnirin baş mükafatını təqdim etdi. Xatırladaq ki, həmin kubok yeddinci dəfədir ölkəmizin paytaxtında qalır.
MOK-un prezidenti İlham Əliyev 54 kiloqram çəki dərəcəsində turnirin qalibi, ən yaxşı boksçu adına layiq görülmüş Azərbaycan idmançısı Ağası Məmmədova xatirə hədiyyəsi və kubok təqdim etdi.
X X X
Milli Olimpiya Komitəsinin prezidenti İLHAM ƏLİYEV turnirin gedişi zamanı Azərbaycan televiziyasına müsahibə vermişdir:
JURNALİST: İlham müəllim, sizi təbrik edirik. Bu gün Azərbaycanda daha bir idman bayramıdır. Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğı beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Gələn il bu yarışa lisenziya turniri statusu veriləcəkdir. Bu barədə fikirlərinizi bilmək istərdik.
İLHAM ƏLİYEV: Bəli, mən sizinlə razıyam. Doğrudan da artıq bu böyük ənənəyə çevrilibdir. Yeddinci dəfədir ki, Azərbaycanda Ənvər Çoudrinin adını daşıyan beynəlxalq turnir keçirilir. Bundan əlavə, deyə bilərəm ki, Bakıda boks üzrə yeniyetmələr arasında Avropa çempionatı da keçirilibdir. Bütün bunların məntiqi nəticəsi kimi lisenziya turniri də Bakıda keçiriləcəkdir. Hesab edirəm ki, bu lisenziya turnirində bizim idmançılarımız Olimpiya oyunlarına vəsiqə qazanacaqlar. Ondan sonra biz Beynəlxalq Boks Federasiyasından xahiş edəcəyik ki, Azərbaycanda böyüklər arasında ya Avropa, ya da dünya çempionatı keçirilsin. Düşünürəm ki, bizim buna haqqımız çatır. Həm burada bir çox beynəlxalq yarışlar keçirmişik, həm də bizim idmançılarımızın əksəriyyəti çox yüksək yer tutmuşlar. Bugünkü turnir bunu bir daha təsdiq etdi.
Hesab edirəm ki, boksda bizim çox gözəl perspektivlərimiz, istedadlı idmançılarımız var. Onlar Azərbaycana hələ neçə-neçə qələbələr gətirəcəklər.
JURNALİST: İlham müəllim, ölkəmizdə bir neçə beynəlxalq yarış təşkil olunacaqdır. Cüdo üzrə qran-pri yarışları, taekvondo üzrə lisenziya xarakterli turnir və hərbçi cüdoçular arasında dünya çempionatı keçiriləcəkdir. Yəqin ki, bunlar da yüksək səviyyədə təşkil ediləcəkdir.
İLHAM ƏLİYEV: Mən buna şübhə etmirəm. Düz deyrsiniz, bir neçə idman növü üzrə beynəlxalq yarışlar Azərbaycanda keçiriləcəkdir. Nəyin nəticəsində? Bu, onun nəticəsindədir ki, bizim beynəlxalq federasiyalarla işimiz çox yaxşı qurulubdur. Biz onları dəvət edirik, onlar Azərbaycanda idmanla, idmanın vəziyyəti ilə tanış olurlar. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimizi görürlər. Bizim idman saraylarını görürlər, idmançılarımızın səviyyəsini görürlər.
Əlbəttə, mən çox şadam, xoşbəxtəm ki, olimpiya idman növlərinə daxil olan boks və taekvondo üzrə lisenziya turnirləri Azərbaycanda keçiriləcəkdir. Hesab edirəm ki, bu, federasiyalar tərəfindən bizim idmana göstərilən böyük bir hörmət, verilən böyük qiymətdir. Mən çalışacağam ki, bundan sonra da Azərbaycanda olimpiya lisenziya turnirlərinin keçirilməsi haqqında tədbirlər görək.
JURNALİST: İlham müəllim, siz beynəlxalq yarışları çox diqqətlə izləyirsiniz. Bugünkü final görüşləri necə təsir bağışladı?
İLHAM ƏLİYEV: Çox yaxşı təsir bağışladı. Mən, doğrudan da, bütün turnirləri, yarışları izləyirəm və şadam ki, idmançılarımızın səviyyəsi çox yüksəkdir. Cənab Çoudri mənim yanımda oturubdur. O da mənə dedi ki, onun üçün çox gözlənilməz hal olub ki, bir il ərzində Azərbaycanda boksçuların səviyyəsi belə artıbdır. Bu, bizim Federasiyanın gərgin fəaliyyətinin nəticəsidir. İdmançılarımız öz məsuliyyətini dərk edirlər. Eyni zamanda, yeganə idman növüdür ki, boks sahəsində hər bir çəki dərəcəsində bizdə güclü rəqabət var.
İndi mənim təltif etdiyim Fərhad Acalov ilə Emil Məhərrəmov bilirlər ki, bu çəki dərəcəsində onların arasında rəqabət gedəcəkdir. Onlardan biri Olimpiya oyunlarına vəsiqə qazana bilər. Ona görə də çalışırlar ki, öz səviyyələrini həmişə yüksək saxlasınlar. Mən inanıram ki, gələcəkdə boksda Azərbayanın neçə-neçə belə qələbələri olacaqdır.
JURNALİST: İlham müəllim, idman azarkeşləri adından sizi Novruz bayramı münasibətilə təbrik edirik.
İLHAM ƏLİYEV: Çox sağ olun. Mən də sizi təbrik edirəm.
Foto İlqar Cəfərovun və
Namiq Məmmədovundur