BÖLGƏLƏRDƏ ƏHALİ MÜASİR TELEFON RABİTƏSİ XİDMƏTLƏRİNDƏN İSTİFADƏ EDİR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin I yarısında respublikanın bölgələrində əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, yeni elektron avtomat telefon stansiyaları (EATS) quraşdırılmış, xətlər çəkilmiş, təmir-bərpa işləri aparılmışdır.
Beyləqan rayonunun Sarısu, Eyvazalılar, Yuxarı Çəmənli, Baharabad, Dünyamalılar kənd və qəsəbələrində yeni EATS-lər quraşdırılmış, II Dünyamalılar EATS-in xətt təsərrüfatının tikintisi başa çatdırılmışdır. Beyləqan şəhərinin qərb massivindəki xətt təsərrüfatının tikintisi davam etdirilmişdir.
Rayonun 7 yaşayış məntəqəsində EATS-lərdə fiber optik kabellərin çəkilişi başa çatdırılmış, 5 yaşayış məntəqəsində xətt təsərrüfatları əsaslı təmir edilmiş, əhaliyə 259 yeni telefon xətti çəkilmişdir.
Tərtər rayonunda 3008 nömrə tutumlu, port sayı 35, kanal sayı 1050 olan “Karel DS-200L” tipli EATS istifadəyə verilmişdir. Sarıcalı, Qaradağlı və Mamırlı kəndlərində də yeni EATS-lər quraşdırılmışdır.
Sürətli və keyfiyyətli rabitəni təmin etmək məqsədi ilə mərkəzi EATS Tərtər-Bərdə istiqamətində çəkilmiş 18,9 kilometr uzunluğunda FO-20 optik kabelə qoşulmuş, Bildirçinli, Rəcəbbəyli və Umudlu kəndlərində 12 nömrə tutumlu peyk rabitəsi avadanlığı quraşdırılmışdır.