BOLQARISTAN AZƏRBAYCANLA BİRBAŞA TƏYYARƏ REYSİ AÇMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Murtuz Ələsgərov yanvarın 25-də ölkəmizdə səfərdə olan Bolqarıstanın parlament nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov ölkələrimiz arasında dostluq münasibətlərindən danışmış, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd etmişdir. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin səviyyəsini də yüksək qiymətləndirmiş və bu səfərin münasibətlərimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, dövlətimizin ədalətli mövqeyi barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ABŞ prezidenti Corc Buş bu günlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəsinin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunda fəaliyyətini gücləndirəcəyini bir daha bəyan etmişdir. İndi biz burada görüşərkən Avropa Şurası Parlament Assambleyasında münaqişə ilə bağlı məruzə dinlənilir və müvafiq sənəd qəbul ediləcəkdir. Hesab edirik ki, ATƏT-in Minsk qrupu fəaliyyətini gücləndirməli və təcavüzkara qarşı sərt tədbirlər görməlidir.
Murtuz Ələsgərov Bolqarıstan xalqına, dövlətinə və parlamentinə problemin həllində ölkəmizin mövqeyini dəstəklədiyinə və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında çözülməsinə tərəfdar çıxdığına görə minnətdarlıq etmişdir.
Nümayəndə heyətinin başçısı, Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rəmzi Osman səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq etmişdir. Bildirmişdir ki, Bolqarıstanda Azərbaycana xüsusi rəğbət var və ölkəsi respublikamızla əlaqələrin inkişafında maraqlıdır. Səfərdən məqsəd də münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etməkdir. Biz Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysinin açılmasını təklif edirik və zənnimizcə, bu hava yolunun açılması xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir. Bolqarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmiş və bu siyasət dəyişməyəcək. Biz Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq.
Parlamentin sədri Murtuz Ələsgərov Bakı-Sofiya birbaşa hava xəttinin açılması təklifini bəyəndiyini və bolqar iş adamlarının ölkəmizin ayrı-ayrı sahələrinə sərmayə qoyması üçün əlverişli şərait olduğunu vurğulamışdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.