BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ GEORGİ PIRVANOVUN NİTQİ
- Zati-aliləri,
Hörmətli xanım Əliyeva,
Əziz qonaqlar,
Xanımlar və cənablar!
Bakıda görüşümüzdən bir il keçməmiş Sizi dost Bolqarıstanda böyük məmnuniyyətlə ürəkdən salamlamağıma və “Xoş gəlmisiniz!” deməyimə şadam. Cənab Prezident, Sizin ölkəmizə səfəriniz mənə Azərbaycan torpağında gördüyüm səmimi qonaqpərvərliyin yalnız bir hissəsinin əvəzini qaytarmağa imkan verir.
Bu səfər ikitərəfli əlaqələrin gücləndirilməsi məqsədi ilə birgə işimizin nəticələrini qiymətləndirmək imkanıdır. Biz ənənəvi şəkildə yaxşı olan, lakin xüsusilə intensiv və konkret əlaqələrin dinamik transformasiyasını, fəal münasibətləri və tərəfdaşlıq münasibətlərini başlıca nailiyyət sayırıq.
Siyasi dialoqun səviyyəsinin yüksəlməsini və fəallaşmasını, xüsusən iqtisadi sahədə və ticarət sahəsində müqavilə-hüquq bazasının zənginləşməsini, paytaxtlarımızdakı diplomatik nümayəndəliklərimizin səviyyəsinin bərabərləşməsini məmnunluqla qeyd etmək lazımdır. Bolqarıstan-Azərbaycan əlaqələrinin ictimai əsası da genişlənmişdir - şəhərlər, yerli özünüidarə orqanları arasında və ölkələrimizdə yaradılmış dostluq cəmiyyətləri arasında əməkdaşlığın bünövrəsi qoyulmuşdur.
Əminəm ki, Prezident İlham Əliyevin Sofiyaya ilk rəsmi səfəri gələcək əməkdaşlığımıza mühüm təkan verəcəkdir. Ticarət, kənd təsərrüfatı və energetika, nəqliyyat və turizm sahələrində əlaqələrin inkişafı üçün son dərəcə böyük imkanlar mövcuddur. Zənnimcə, mədəniyyət, təhsil və elm sahəsində əlaqələrin gücləndirilməsi, iki dost xalqın fəal ünsiyyəti hər iki dövlətin xeyrinə olacaqdır.