BOLQARISTAN TURİZMİNİN TƏQDİMAT MƏRASİMİ
Sentyabrın 24-də Bolqarıstanın Varna şəhərində yerləşən “Riviera Biç” hotel-kompleksində “Bolqarıstan yeni açıq ölkədir” devizi altında turizm layihəsinin təqdimatı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmək üçün buraya gəldi. Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hotel-kompleksin önündə Bolqarıstanın mədəniyyət nazirinin müavini Dimitr Hacinikolov böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan və Bolqarıstan nümayəndə heyətləri üzvlərinin iştirak etdiyi mərasimi Dimitr Hacinikolov açaraq, ali qonağı və onu müşayiət edən şəxsləri salamladı, Prezident İlham Əliyevin mərasimdə iştirakını yüksək qiymətləndirdi, belə görüşün yaddaqalan olduğunu söylədi. O, slaydlar vasitəsilə öz ölkəsinin turizm sektorunun tarixi, potensialı, qazanılmış nailiyyətlər, turizm obyektlərinin fəaliyyəti və sair barədə məlumat verdi. Bildirildi ki, son bir ildə Bolqarıstana gələn turistlərin sayı 10 faiz artaraq, 4 milyonu keçmişdir və artım meyli davam edir. Qara dəniz sahilində - Varnada və digər şəhərlərdə yerləşən istirahət yerləri, tarixi muzeylər, mədəniyyət abidələri, habelə qış turizminin inkişafı istirahətə gələnlərin sayını artırmışdır. İl ərzində ölkə turizm sektorundan 2,5 milyard dollar gəlir əldə etmiş, 170 min iş yeri açılmışdır.
D.Hacinikolov Azərbaycan Prezidenti İlham Əliyevə Bolqarıstanın turizm yerlərinin fotoşəkillərindən ibarət albom, buklet bağışladı. O, dövlətimizin başçısının turizm sektorunun inkişafına böyük maraq göstərməsindən məmnunluğunu söyləyərək, Bolqarıstanın Azərbaycanla bu sahədə əməkdaşlığa hazır olduğunu, bunun üçün ilk addımın atıldığını - sazişin imzalandığını bildirdi.