İDMAN
Bosniya və Herseqovinanın Mostar şəhərində suyatullanma üzrə dünya çempionatının növbəti mərhələsi keçirilib
Sarayevo, 28 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərində “Red Bull Cliff Diving” suyatullanma üzrə dünya çempionatının növbəti mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, mövsümün beşinci mərhələsi çərçivəsində dünyanın ən güclü haydayverləri suyatullanma yarışında iştirak ediblər. Bunun üçün Mostar körpüsü üzərində kişilər üçün 27 metr, qadınlar üçün isə 21 metr hündürlüyü olan iki platforma quraşdırılıb.
Yarış iştirakçıları UNESCO-nun dünya irsi siyahısına daxil edilən və şəhərin simvolu sayılan Mostar körpüsündən Neretva çayına atlayaraq suyatullanma üzrə bacarıqlarını göstəriblər.
Beynəlxalq dərəcəli hakimlərin qiymətləndirməsi ilə keçirilən yarışda 12 kişi və 12 qadın idmançı mübarizə aparıb. Yekun nəticələrinə görə qadınlar arasında birinci yeri avstraliyalı Rhiannan İffland, kişilərdə isə rumıniyalı Konstantin Popoviçi tutub. Yarışı minlərlə tamaşaçı izləyib.
“Red Bull Cliff Diving” çərçivəsində növbəti mərhələ sentyabrın 11-də İsveçrənin Sisibon şəhərində keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo