BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Kraliça Ülyahəzrət II Elizabetanın doğum günü münasibətilə “Hyatt Park” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerolin Braun çıxış edərək bildirmişdir ki, əslində, kraliçanın doğum günü aprelin 21-dir, rəsmi qeydetmə mərasimləri isə iyunda keçirilir. Lakin ölkənin xaricdəki səfirlikləri bu bayramı istədikləri vaxta keçirə bilərlər. Odur ki, səfirlik milli bayramımızı indi qeyd edir.
Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu diqqətə çatdıran diplomat, son vaxtlar əməkdaşlığımızın inkişafının daha da sürətləndiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan hökumətinin əlverişli investisiya siyasəti britaniyalı sahibkarların diqqətini cəlb edir, müştərək şirkətlərin sayı artır, energetika, təhsil, mədəniyyət sahələrində əlaqələr inkişaf edir. Böyük Britaniya Azərbaycanı özünün strateji tərəfdaşı sayır.
Yaxın vaxtlardan etibarən Azərbaycanın dünya bazarına daha böyük enerji ixrac etməyə başlayacağını diqqətə çatdıran diplomat, Britaniya şirkətlərinin respublikamızın iqtisadiyyatında, xüsusən də neft və qaz bölməsində uğurla təmsil olunduğunu demişdir.
Milli Məclisin sədri Oqtay Əsədov əlamətdar gün münasibətilə Böyük Britaniya xalqını Prezident İlham Əliyevin adından təbrik edərək, onun salamlarını və xoş arzularını çatdırmışdır.
Britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını vurğulayan O.Əsədov, onların ölkəmizin inkişafına böyük töhfələr verdiyini xatırlatmışdır.
Vurğulanmışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, ümummilli liderimiz Heydər Əliyev bir neçə dəfə dost ölkəyə rəsmi səfər etmiş və dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına şərait yaradan sənədlər imzalamışdır. Prezident İlham Əliyev bu ənənəni davam etdirərək, Böyük Britaniya ilə münasibətlərin dərinləşməsinə xüsusi diqqət yetirir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
######
