BÖYÜK BRİTANİYADA BARONESSA TETÇER DÖVRÜ BAŞA ÇATMIŞDIR
LONDON. Baronessa Tetçer ötən cümə günü həkimlərin məsləhəti ilə fəal ictimai həyatdan uzaqlaşmışdır və daha ictimaiyyət qarşısında mühazirələrlə çıxış etməyəcək, öz nöqteyi-nəzərini açıq surətdə bildirməyəcəkdir. Onun siyasi karyerası sona yetmiş və müasir Böyük Britaniyanı formalaşdırmış “tetçerizm”i erası başa çatmışdır. Mühafizəkarların “ehtiyat” kabinetinin üzvü Tim İo bəyan etmişdir ki, “baronessa ingilislər üçün ikinci Çörçill olmuşdur”.
Həkimlərin onun öz planlarına və iş cədvəlinə yenidən baxmaq təkidlərinin başlıca səbəbi Tetçerin son illər keçirdiyi bir sıra insultlar olmuşdur. Baronessanın bu il üçün planlaşdırılmış bütün xarici səfərləri ləğv edilmişdir. 76 yaşlı Tetçerin “Dövləti idarə etmək sənəti” adlı yenicə çapdan çıxan xatirələr kitabının təqdimat mərasimi də keçirilməyəcək, sabiq baş nazir daha heç bir kitab yazmayacaqdır.
Xanım Tetçer son 25 il ərzində Britaniyanın siyasi həyatının dominantı olmuşdur. İngiltərənin Linkolnşir qraflığından olan xırda tərəvəz ticarətçisinin qızı ölkədə ilk qadın baş nazir olmuşdur. O, hakimiyyətdə olduğu 11 ildə Böyük Britaniyada bir sıra islahatlar aparmışdır: sənaye özəlləşdirilmiş, vergi sisteminin strukturu dəyişdirilmiş, həmkarlar ittifaqı hərəkatının səlahiyyətlərinə yenidən baxılmışdır. Onun başçılıq etdiyi Mühafizəkarlar Partiyası ümumi parlament seçkilərində dalbadal üç dəfə qalib gəlmiş və elə bu partiya da 1990-cı ildə öz liderinə etimadsızlıq göstərmişdir. Lakin Tetçerin siyasi nüfuzu o dərəcədə sanballı olaraq qalırdı ki, 1997-ci ildə onu Leyboristlər Partiyasının lideri Toni Bleyerin formalaşdırdığı kabinetdə hökumət müşaviri vəzifəsinə dəvət etmişdilər.
Britaniyalılara Avropa valyutasının ölkədə tətbiqinə yol verməmək çağırışı Birləşmiş Krallığın Avropa Birliyi tərkibində qalmasının əleyhdarı olan baronessanın bu yaxınlarda etdiyi çox parlaq çıxışları seriyasında sonuncu olmuşdur. Tetçer hesab edir ki, Böyük Britaniyanın Avropadan çıxmaq vaxtı gəlib çatmışdır, çünki Avropa Birliyi islahatlar aparılması mümkün olmayan təşkilatdır və dünyanın bir çox problemləri məhz kontinental Avropadan yayılmışdır.
“Dövləti idarə etmək sənəti” kitabının müəllifi Böyük Britaniyanın Avropa Birliyi ilə bütün münasibətlərinə yenidən baxılmasına çağırır və bu çağırış dünyada geniş əks-səda doğurmuşdur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Britaniya mətbuatı baronessanı “siyasətin böyük musiqiçisi” adlandıraraq, nəzərə çarpdırır ki, Tetçerin coşqun ictimai fəaliyyətdən uzaqlaşması bütöv bir dövrün sona yetməsi deməkdir.