Böyük Qafqaz meşələrində yeni parazit göbələk növü aşkar edilib
Bakı, 21 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayevanın həmmüəllifi olduğu “Azərbaycanda adi şabalıd və adi vələslərdə “Cryphonectria carpinicola” ağac-paraziti göbələyi aşkar edilib” (The tree-parasitic fungus Cryphonectria carpinicola discovered on European chestnut and European hornbeam in Azerbaijan) adlı elmi məqalə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatına aid “EPPO Bulletin” jurnalında (“Scopus”, Q2) çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məqalədə ilk dəfə olaraq Azərbaycanda “Cryphonectria carpinicola askomiset” göbələyinin konidial mərhələsi barədə məlumat verilir. Məlumatda göbələyin məlum yayılma diapazonunu genişləndirməklə, Böyük Qafqazın şabalıd meşələrində “Castanea sativa” ağaclarının da bu göbələklə yoluxmasına dair ilk sübut təqdim edilir. Tədqiqat işi ətraf mühitdə, xüsusilə meşələrdə bitki xəstəliklərinə nəzarəti vaxtında və düzgün təşkil etmək üçün davamlı mikoloji monitorinqlərin aparılmasının vacibliyini vurğulayır.