Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığı heç vaxt unudulmayacaq
Ağdam, 9 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Faşizm üzərində Qələbənin 73-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qələbə Günü münasibətilə müxtəlif tədbirlər, görüşlər keçirilib, müharibədə həlak olanların xatirəsi ehtiramla anılıb.
Tərtər
Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, müharibə veteranları, gənclər Böyük Vətən müharibəsində həlak olmuş tərtərlilərin xatirəsinə ucaldılan abidə kompleksi önündə çiçək dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Burada keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, müharibədə 2417 nəfər tərtərli alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 1079 nəfəri həlak olub.
Qeyd olunub ki, Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev müharibə veteranlarına daim yüksək qayğı göstərirdi, onlarla bağlı müxtəlif sərəncamlar imzalanıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müharibə iştirakçılarının problemlərinin həlli, onların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin siyasətinin əsas istiqamətlərdən birini təşkil edir.
Tədbirdə digər çıxış edənlər də İkinci Dünya müharibəsindən, faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolundan danışıb, 9 May - Qələbə Gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Bildirilib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Müharibə veteranları çıxış edərək onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.
Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilib.
Ağdam
Ağdam rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, məktəblilər Əfətli kəndində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Vətən fədailəri abidə kompleksinin önünə gül dəstələri düzüblər. Müharibədə həlak olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elxan Feyziyev mərasimdə çıxış edərək, İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən, faşizm üzərində Qələbənin qazanılmasında rolundan danışıblar. Bildirilib ki, Böyük Vətən müharibəsində 7300 nəfərdən artıq ağdamlı alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 3600 nəfərdən çoxu həlak olub.
Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilib. Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir məktəblilərin ifasında kompozisiya ilə başa çatıb.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri sonra Qaradağlı kəndində Böyük Vətən müharibəsi veteranı Əsgər Zeynalovun evinə baş çəkiblər. Çay süfrəsi ətrafında edilən söhbət zamanı veteranlar müharibə ilə bağlı xatirələrini danışıb, onlara göstərilən yüksək dövlət qayğısından razılıqlarını ifadə ediblər.
Beyləqan
Faşizm üzərində Qələbənin 73-cü ildönümü Beyləqanda silsilə tədbirlərlə qeyd olunub. Beyləqan rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, hüquq mühafizə orqanlarının əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, büstü önünə gül dəstələri qoyublar.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxışında bildirib ki, Böyük Vətən müharibəsində Azərbaycandan 700 min nəfərə yaxın şəxs iştirak edib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 130-dan çox azərbaycanlı, o cümlədən Beyləqan rayonundan Gəray Əsədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edən hərbçilər bildiriblər ki, bu gün Azərbaycan oğulları Böyük Vətən müharibəsində iştirak edən ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirirlər. Aprel döyüşləri zamanı qazanılan qələbə Azərbaycan əsgərinin gücünü və qüdrətini bir daha göstərdi. Azərbaycan Ordusu Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqları təkrar etməyə hər an hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyir.
Tədbir Beyləqan rayon mədəniyyət işçilərinin hazırladığı kompozisiya ilə davam edib.
Qələbə Günü münasibətilə İkinci Şahsevən kəndində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət olunub. Burada keçirilən tədbirdə faşizm üzərində Qələbənin əldə edilməsində həmvətənlərimizin ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən danışılıb.
Tədbir məktəblilərin təqdim etdiyi qələbəni, vətənpərvərliyi tərənnüm edən “Biz qəhrəmanlığı sizdən öyrəndik” adlı ədəbi-bədii kompozisiya ilə davam edib.
Ağcabədi
Alman faşizmi üzərində Qələbənin qazanılmasının 73-cü ildönümü münasibətilə İkinci Dünya müharibəsi illərində həm ön cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmiş Ağcabədi sakinləri ilə görüş keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri Böyük Vətən müharibəsinin veteranlarının evlərinə gedərək, onları təbrik edib, bayram sovqatları veriblər. Çay süfrəsi arxasında söhbət zamanı müharibə veteranları döyüş xatirələrindən danışıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.