“bp AZƏRBAYCAN” ŞİRKƏTİ SƏRGİ-SEMİNAR KEÇİRMİŞDİR
“bp Azərbaycan” şirkəti martın 6-da “Avropa” mehmanxanasında sərgi-seminar keçirmişdir. Tədbirdən məqsəd layihələrin həyata keçirilməsinin vəziyyəti, şirkətin operator kimi çıxış etdiyi layihələr üzrə nəzərdə tutulan işlər barədə Azərbaycanın və dünyanın işgüzar dairələrinə məlumat vermək idi. Tədbirin proqramına yerli biznesin inkişafının həvəsləndirilməsi üzrə əsas layihələrin, gələcək işlərin və planların statusunun təqdimatı daxil edilmişdir.
Şirkətin prezidenti Deyvid Vudvord mətbuat konfransında bildirmişdir ki, seminar-sərgi Azərbaycanın neft-qaz sənayesində marağı olan bir çox tərəflər arasında əlaqələrin yaradılması üçün əlverişli şərait yaradır. O demişdir ki, ötən ilin avqustunda “Azəri”, “Çıraq”, “Günəşli” yatarqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsinə icazə verildiyi elan olunmuşdu. Noyabr ayında isə 1-ci mərhələ çərçivəsində tikinti işlərinin aparılması haqqında 6 iri müqavilə imzalandı. Bu ilin fevralında Səngəçal terminalının genişləndirilməsinin bünövrəsi qoyuldu. Cari ildə neft konsorsiumu digər üç layihənin - “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Şahdəniz” layihəsinin birinci mərhələsi və “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin ikinci mərhələsi layihələrinin inşa mərhələsini sanksiyalaşdıra bilər.
Deyvid Vudvordun sözlərinə görə, konsorsium çoxmilyardlı sərmayə qoymaq yolu ilə uzunmüddətli iş yerlərinin açılmasına, infrastrukturun inkişafına və təkmilləşdirilməsinə imkan yaradır. Şirkət aprelin əvvəllərində Bakıda sahibkarlığa dəstək mərkəzi açacaqdır. Mərkəz iri neft-qaz layihələrinin dəstəklənməsinə yönəldilmiş biznesin inkişafında Azərbaycan şirkətlərinə və ölkəmizdə fəaliyyət göstərən digər şirkətlərə kömək edəcəkdir.