BP-nin vitse-prezidenti ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Bakı, 9 fevral, AZƏRTAC
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Azər Əzimov və Fərid İsayevlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bəxtiyar Aslanbəyli Azər Əzimovun və Fərid İsayevin praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübələrinin artırılması üçün onlara zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq BP-nin vitse-prezidenti 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, onlarla təcrübəsini bölüşəcəyini və beləliklə, potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib.
Bəxtiyar Aslanbəyli vurğulayıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün lazımi şərait yaradılacaq.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə BP-nin vitse-prezidentinə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti - 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.