“bp” ŞİRKƏTİNİN MÜTƏXƏSSİSİNİN QƏNAƏTİNCƏ NEFTİN QİYMƏTİ AŞAĞI ENƏ BİLƏR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Biznesin İnkişaf Mərkəzində “bp” şirkətinin MDB ölkələri üzrə iqtisadiyyat idarəsinin direktoru Vladimir Drebentsov “Dünya energetikasının statistik təhlili” mövzusunda təqdimatla çıxış etmişdir.
V.Drebentsov qeyd etmişdir ki, dünyada neftin qiymətinin artmasının əsas səbəblərindən biri iqtisadi inkişaf sürəti ilə əlaqədardır. Yəni dünya üzrə ÜDM-in həcminin artması enerji daşıyıcılarının qiymətinə birbaşa təsir göstərir.
Digər tərəfdən bu, OPEK-in fəaliyyəti ilə bağlıdır. Həmin təşkilatın aparıcı qüvvəsi olan və neft istehsalına nəzarət edən Səudiyyə Ərəbistanı OPEK üzvlərinin neft ehtiyatlarının 80 faizinə malikdir. Neftin qiymətinin qalxması üçün müvafiq bazanın olduğunu qeyd edən V.Drebentsov vurğulamışdır ki, bunun durmadan davam edəcəyini söyləmək də düzgün olmazdı. Neft istehsalı mövcud tələbatı ödədiyi zaman yaranmış fərq kommersiya ehtiyatı şəklində toplanacaqdır. Kommersiya ehtiyatlarının yaranması isə neft alıcılarını da sakitləşdirəcək və onlar daha az yanacaq alacaqlar.
Neftin qiymətinin kəskin olaraq aşağı düşəcəyi barədə fikirlərin də həqiqətə uyğun olamadığını qeyd edən ekspert, bunun OPEK-dən kənarda olan istehsalçıların kifayət qədər gücə malik olmaması ilə izah etmişdir. Digər tərəfdən qiyməti bir barrel üçün artıq 143 dolları keçmiş neftin qiymətini aşağı salmaqda İran körfəzi ölkələri də maraqlı deyillər. Qiymətlərin hansısa həddə duracağını vurğulayan V.Drebentsov, bunun iqtisadi artım sürəti dayanan kimi baş verəcəyini qeyd etmişdir. Belə ki, bu siqnalı alan kartel ölkələri istehsalı artırmağa başlayacaqlar. Yeri gəlmişkən OPEK istehsalı gündə 0,5 milyon barrel artırmağa artıq söz vermişdir. Əgər onlar sözlərinə əməl etsələr vəziyyət sabitləşə bilər. Bundan başqa Nigeriyada siyasi sabitliyin bərqərar olması, Rusiyanın istehsalı sabitləşdirəcək addımlar atması da bazara öz təsirini göstərə bilər.