BP və tərəfdaşları həyata keçirilən sosial layihələrlə tanış olub
Bakı, 14 iyul, AZƏRTAC
Ötən həftə BP və tərəfdaşlarının bir qrup nümayəndəsi birlikdə həyata keçirilən sosial layihələrin gedişi və nəticələri ilə yerində tanış olmaq üçün qonşu icmalara baş çəkib.
BP-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində layihə benefisiarları ilə görüşlər keçirilib və bu təşəbbüslərin yerli icmalara gətirdiyi dayanıqlı faydalar müzakirə olunub. Nümayəndələr “Gələcəyini qur” təhsil layihəsinin Kürdəmirdəki iştirakçıları ilə görüşüb, yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli sosial layihənin Gəncədəki iştirakçılarına maliyyə təlimləri üzrə sertifikatlar təqdim edib, gənc sahibkarlara dəstək məqsədli sosial təşəbbüsün Samuxdakı benefisiarları ilə görüşüb, Tovuz və Ağstafa rayonlarında Vətən müharibəsində zərər çəkmiş ailələrə dəstək məqsədli layihələrin iştirakçıları ilə söhbət edib və Tovuzda 5 yerli məktəbi təhlükəsiz pellet sobaları ilə təmin etmək məqsədi daşıyan layihənin benefisiarları ilə görüş keçiriblər.