BP və tərəfdaşlarının inklüziv təhsili təbliğ edən növbəti sosial investisiya layihəsi başa çatıb
Bakı, 7 iyun, AZƏRTAC
BP və tərəfdaşlarının inklüziv təhsili təbliğ edən növbəti sosial investisiya layihəsi başa çatıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi məktəblərdə inklüziv təhsil mühiti yaratmaq və bu haqda məlumatlılığı artırmaqla davranış dəyişikliyinə nail olmaq və eyni zamanda, əlilliyi olan uşaqların cəmiyyətə sıx inteqrasiyası və adaptasiyasına dəstək verməkdir.
Layihənin icrası üçün Təhsil Nazirliyi tərəfindən dörd məktəb seçilib. Bunlar Bakı şəhəri 202 və 246, Sumqayıt şəhəri 4 və 21 nömrəli məktəblərdir.
Məktəblərin hər birində xüsusi təchiz olunmuş inklüziv təhsil resurs otağı yaradılıb. Bu otaqlar əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə dəstək vermək üçün tərtib olunmaqla qrup və fərdi xidmətlər göstərəcək.
Bundan əlavə, ümumilikdə 50 müəllimdən ibarət seçilmiş qruplara yeni avadanlıq və texnologiyalardan səmərəli istifadə etmək, eləcə də öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasına kömək etmək üçün təlim keçilib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş bu layihə müasir inklüziv təhsil siyasətini hərtərəfli təbliğ edir və inklüziv təhsilin strateji inkişafını Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi təşviq edir.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və bir qrup şirkət nümayəndəsi layihəyə daxil olan məktəblərin birinə səfər edərək istifadəyə hazır inklüziv təhsil resurs otağı ilə yaxından tanış olublar.