Braziliya iqtisadiyyatı tarixdə görünməmiş dərəcədə tənəzzülə uğrayıb
Madrid, 2 sentyabr, AZƏRTAC
Koronavirus pandemiyası Braziliyanın sənaye fəaliyyətini, xidmət və istehlak sahələrini ən pis tarixi rekorda məhkum edib.
AZƏRTAC Braziliyanın Coğrafiya və Statistika İnstitutunun məlumatına istinadla xəbər verir ki, 2020-ci ilin ikinci rübündə ilin ilk 3 ayı ilə müqayisədə bu ölkədə ÜDM-in rekord dərəcədə - 9,7 faiz azalması qeydə alınıb. 2019-cu ilin analoji dövrü ilə müqayisədə ÜDM 11,4 faiz aşağı düşüb. Misli görünməmiş nəticə pandemiyanın iqtisadi fəallığa güclü təsirinin və sosial izolyasiya tədbirlərinin fəsadlarının göstəricisidir. Beləliklə, Braziliya iqtisadiyyatı ardıcıl olaraq iki rüb ərzində ÜDM-in azalması ilə səciyyələnən texniki resessiyaya qədəm qoyur.
Hazırda bütün dünyada makroiqtisadi göstəricilərin azalması meyli müşahidə olunur. Braziliya iqtisadiyyatının tarixdə görünməmiş səviyyədə - 11,4 faiz aşağı düşməsi illik hesablamada regionda Çili (-13,7 faiz), Peru (-30 faiz), Meksika (-19 faiz) və hətta bəzi Avropa iqtisadiyyatları ilə müqayisədə ən pis vəziyyətlərdən biri olmayıb. Braziliyada bəzi fərqlər mövcuddur.
Ekspertlərin fikrincə, bu, ən əvvəl onunla izah edilir ki, əhalinin daha həssas təbəqəsi üçün maliyyə yardımı proqramı region üzrə orta göstəricidən yuxarı olub. Əhalinin yoxsul təbəqəsinin gəlirləri artıb, bu da daha güclü resessiyadan yaxa qurtarmağa kömək edib. Avropa ölkələrindən və hətta region dövlətlərindən fərqli olaraq, Braziliyada məhdudiyyətlər və ciddi izolyasiya tətbiq edilməyib.
Hazırda Braziliyada COVID-19-a yoluxma və ölüm hallarının əvvəlki kimi yüksək səviyyəsi, həmçinin dövlət xəzinəsinin olduqca məhdudlaşdırıldığı şəraitdə xərclərin artırılması zərurəti müşahidə olunur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid