Braziliyanın “Fluminense” futbol klubunun nümayəndəsi “Bakcell Arena”da olub
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan Braziliyanın “Fluminense” komandasının nümayəndəsi Marselo Teşeyra Bakı təmsilçisinin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da olub.
AZƏRTAC xəbər verir ki, braziliyalı qonaq stadionun ərazisini gəzərək, buradakı şəraitlə tanış olub. Qonağa arenanın “Skybox”, VİP və media sektorları göstərilib. “Bakcell Arena”nın mətbuat zalı və digər inzibati otaqları ilə tanış olan M.Teşeyraya stadion haqqında ətraflı məlumat verilib.
Stadionun müasir tələblərə uyğun şəkildə inşa edildiyini deyən qonaq, futbolun inkişafı üçün belə arenaların önəmini diqqətə çatdırıb.
“Bakcell Arena” ilə tanışlıqdan sonra M.Teşeyra “Neftçi”nin nümayəndələri ilə birgə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna yollanıb. Braziliyalı qonağa “Neftçi”nin yeni təlim-məşq bazasının burada inşa ediləcəyi ilə bağlı məlumat verilib.