Braziliyanın Qoyas ştatının rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələr müzakirə edilib
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Qoyas ştatının vitse-qubernatoru Lincoln Tejota, Vitse-Qubernatorluğun mədəniyyət, iqtisadiyyat və sosial sahəsində fəaliyyət göstərən idarələrinin rəhbərləri və yerli iş adamları ilə birlikdə görüş keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Elxan Poluxov Azərbaycanın iqtisadi potensialı, ölkədəki münbit siyasi vəziyyət, ikitərəfli əlaqələr, eləcədə Braziliya Milli Konqresində Senatın Vitse prezidenti Antonio Anastasiyanın rəhbərlik etdiyi nümayəndə heyyətinin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Tərəflər əlaqələrin daha da inkişafına dair qərar qəbul ediblər.
Eyni gündə, səfir Elxan Poluxov Qoyaniya şəhərinin meri İris Rezende ilə görüşüb. Söhbət zamanı təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Şəhər merinə idman, mədəniyyət, sosial və digər sahələrdə ölkəmizdə keçirilən mötəbər tədbirlər barədə məlumat verilib. Görüşdə əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğu qeyd edilib.
Məlumat üçün bildiririk ki, qeyd edilən ştatla sıx əlaqələr artıq 2017-ci ildən qurulub. Ştatın Kapoeyra komandası 2018-ci ildə Bakıda keçirilən Kapoeyra yarışlarında iştirak edib, səfirlik isə ötən müddət ərzində ştatda müxtəlif sərgi və digər tədbirlərdə iştirak edib.