BRİTANİYA BEREZOVSKİNİ RUSİYAYA VERMƏYƏCƏK
Hakim Timoti Uorkmanın fikrincə, Berezovski Rusiya hökumətinə verilə bilməz, çünki Böyük Britaniyadan siyasi sığınacaq istəmişdir və beləliklə də, Cenevrə konvensiyalarının müdafiəsi altındadır.
Məhkəmənin nümayəndələri bildirmişlər ki, müvafiq qərar hələ iyunun 1-də qəbul edilmişdir. Hakimin sözlərinə görə, ekstradisiya proseduru “faydasız olardı və Britaniya vergiödəyicilərinə çox baha başa gələrdi”.
Uorkman demişdir: “Bu, həqiqətən, belə olardı, çünki nazir onun Rusiya Federasiyasına ekstradisiyası barədə, sadəcə olaraq, sərəncam verə bilməzdi”. Bununla o, Berezovskiyə siyasi sığınacaq verilməsi haqqında 2003-cü il tarixli qərara istinad etmişdir.
Martda Rusiya Baş prokurorluğu hakimiyyətin zorla ələ keçirilməsinə yönəldilmiş əməllər törətməkdə ittiham olunan 59 yaşlı biznesmen barəsində cinayət işi qaldırmışdır.
Yanvarda Berezovski “Exo Moskvı” radiostansiyasına müsahibəsində demişdir ki, “Prezident Putin konstitusiyanı pozur, indi müxalifət tərəfindən hər hansı zorakılıq tədbirləri əsaslıdır. Bu, hakimiyyətin zorla ələ keçirilməsinə də aiddir, hazırda mən məhz bunun üzərində işləyirəm”.
Bu bəyanat Londonda da reaksiyaya səbəb olmuşdu. O vaxt xarici işlər naziri Cək Stro bildirmişdi ki, Berezovskinin Böyük Britaniyada siyasi sığınacaq statusuna yenidən baxıla bilər.