BRİTANİYA ORDUSUNDA NARKOTİKLƏRDƏN İSTİFADƏ 1,5 DƏFƏ ARTMIŞDIR
2005-ci ildə keçirilmiş xüsusi müayinənin nəticələrinə görə, mindən çox hərbçinin qanında qadağan olunmuş narkotik maddə, 520 əsgər və zabitin qanında kokain, heroin və ekstazi tapılmışdır. 2004-cü ilin sonlarında aparılmış yoxlama zamanı 350 Britaniya hərbi qulluqçusunun qanında A dərəcəli narkotik maddə aşkar edilmişdir. Son 10 ildə çox təsirli narkotiklərdən istifadə edərkən yaxalanmış yeni əsgərlərin sayı 15 dəfə artmışdır.
Böyük Britaniyada təkcə hərbçilər deyil, mülki şəxslər də narkotiklərə aludədirlər. Bu səbəbdən ölkə kokaindən istifadəyə görə Avropada birinci yeri tutur. Statistikaya əsasən, Britaniya gənclərinin 10 faizindən çoxu narkotik maddələr qəbul edir.
Avropa monitorinq xidmətlərinin məlumatında deyilir ki, britaniyalı gənclər kokaindən istifadəyə görə, demək olar, amerikalı yaşıdlarına çatmışlar. Avropa narkotiklər və narkoasılılıq üzrə monitorinq mərkəzinin məruzəsində bildirilmişdir ki, 16-34 yaşlarında britaniyalıların 11,6 faizi narkotika aludəçisi olduğunu etiraf etmişdir.
Yaşlı britaniyalıların 6,8 faizi kokainin dadına baxdığını gizlətmir. Bu təhlükəli asılılığa görə Avropa ölkələri arasında ikinci yeri İspaniya (4,9 faiz), üçüncü yeri isə İtaliya (4,6 faiz) tutur.