BRİTANİYA TƏŞKİLATI ƏFQANISTANDAN GƏTİRİLƏN NARKOTİK VASİTƏLƏRİ MƏHV ETMƏMƏYƏ ÇAĞIRMIŞDIR
Təşkilatın fikrincə, Qərb narkotiklərin axınlarını azaltmaq üçün lisenziyalar sistemi tətbiq etməlidir. Lisenziyalar üzrə tiryək Qərb ölkələrinə qanuni əsasda satılmalı, sonra ondan tibbi məqsədlərlə, məsələn, morfin və kodein kimi ağrıkəsən preparatların istehsalında istifadə olunmalıdır.
Qəzetin yazdığına görə, belə ideyanın irəli sürülməsinə səbəb odur ki, narkotik vasitələrin yayılmasının qarşısını hərbi yolla almaq səmərə vermir və bu, siyasi sistemi hələ möhkəmlənməmiş ölkədə vəziyyətin sabitliyini pozur. Çünki üç mindən çox Britaniya əsgərinin iştirakı ilə narkotiklər axınının qarşısını almaq planı iflasa uğramaqdadır.
Təşkilatın icraçı direktoru demişdir:”Bu, narkotiklər istehsalını dayandırmaq üçün tamamilə qeyri-real ideyadır. Ağrıkəsən preparatların çatışmazlığı hiss olunduğu üçün Avropa Birliyi lisenziya ilə xaşxaş becərməyə icazə verir və Əfqanıstan üçün də belə bir imkan mövcuddur.
“Taliban” hərəkatı süquta uğradıqdan sonra Əfqanıstan dünyanın əsas tiryək istehsalçısına çevrilmişdir. Xaşxaş beçərmək əfqan kəndliləri üçün yeganə dolanacaq vasitəsidir. Böyük Britaniya küçələrində satılan heroin Kabilin mərkəzi hakimiyyətinin deyil, narkobaronların nəzarəti altında olan fermalardan gətirilir.
Xatırladaq ki, BMT ötən il Əfqanıstanı qeyri-leqal narkotiklər istehsalının 87 faizinə “cavabdeh” ölkə adlandırmışdır. 3,5 milyon əfqan narkotiklər alverinə cəlb olunmuşdur ki, bu da ölkənin ümumi daxili məhsulunun üçdə iki hissəsini təşkil edir.