Brüsseldə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Brüssel, 19 yanvar, AZƏRTAC,
Brüssel Azərbaycan Evində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evi, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra səfirliyin birinci katibi Emin Rüstəmov çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. O, istər Azərbaycanda, istərsə də Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini daim uca tutduğunu, onları daim hörmət və ehtiramla yad etdiklərini diqqətə çatdırıb.
Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev və FireLand Azərbaycanlılar Birliyinin rəhbəri İlahə Tağıyeva çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixinin əhəmiyyətli səhifələrindən biri olduğunu qeyd ediblər. Belçikada böyüməkdə olan yeni nəsil azərbaycanlıların bu xüsusda maarifləndirilməsi istiqamətində müxtəlifməzmunlu layihələrin icra edilməsinin labüdlüyü vurğulanıb.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib. İştirakçılar faciənin bütün ağrılarını hiss etdirən fotosərgi ilə də tanış olublar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel