Bu faciə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək
İsmayıllı, 20 yanvar, Adil Ağayev, AZƏRTAC
İsmayıllıda 20 Yanvar faciəsinin 25-ci ildönümü kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səhər saat 10 radələrində İsmayıllı şəhərinin mərkəzinə, Heydər Əliyev adına meydana yığışan minlərlə sakin, o cümlədən qocalar, qadınlar, gənclər Şəhidlər xiyabanına yürüş ediblər. Burada Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan ismayıllıların xatirəsi ehtiramla yad edilib.
Sonra mərasim rayon mədəniyyət evində davam etdirilib. Çıxış edənlər sovet imperiyası ordusunun 25 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilməsi, dinc əhaliyə qarşı törədilən qırğın barədə danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini bildiriblər.
Qeyd olunub ki, bu qətliam sivil dünyaya, insanlığa qarşı görünməmiş vəhşilik idi. Şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına, cinayətkarların gec-tez öz layiqli cəzalarına çatacaqlarına inam ifadə edilib. Qeyd olunub ki, Azərbaycanın hər bir guşəsində, o cümlədən İsmayıllıda düz 25 ildir ki, bu, yad olunur, insanlar onu törədənlərə qarşı etiraz səslərini ucaldır, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edirlər.
20 Yanvarın həm də Azərbaycanın müstəqillik tarixinin şanlı səhifəsi olduğunu vurğulayan natiqlər ulu öndər Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin məqsədyönlü, uğurlu fəaliyyəti nəticəsində bu gün ölkəmizin regionun ən qüdrətli dövlətinə çevrildiyini söyləyiblər.
Tədbirin sonunda 20 Yanvara həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb. 200 nəfərlik ehsan süfrəsinə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, ağsaqqallar dəvət olunublar.