Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun oyunlarına start veriləcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində üçüncü turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında 8 qarşılaşma oynanılacaq.
“E” qrupunda Belarusun BATE komandası lider “Barselona”nı (İspaniya) qəbul edəcək. Qrupda sonuncu pillədə qərarlaşan İtaliyanın “Roma” komandası isə səfərdə qrupun ikincisi “Bayer Leverkuzen”in (Almaniya) qonağı olacaq.
“F” qrupunun lideri “Bavariya” komandası səfərdə autsayder “Arsenal” ilə üz-üzə gələcək. Qrupun digər oyunu isə Xorvatiyada hərəyə bir qələbəsi olan “Dinamo” (Zaqreb) ilə Yunanıstanın “Olimpiakos” komandaları arasında keçiriləcək.
Bu tur 4 xalla “G” qrupunda liderlik edən Portuqaliyanın “Portu” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları üçün də mühüm əhəmiyyət daşıyır. “Dinamo” qrupun üçüncüsü “Çelsi”ni (İngiltərə), “Portu” isə autsayder “Makkabi”ni (Təl-Əviv, İsrail) qəbul edir.
Altı xalla “H” qrupunun lideri olan Rusiyanın “Zenit” komandası doğma meydanda Fransa təmsilçisi “Lion” ilə üz-üzə gələcək. Üç xalla qrupda ikinci olan “Valensiya” isə “Gent” (Belçika) kollektivi ilə qarşılaşacaq.
Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.