BU İL ÇAYLARDA SUYUN SƏVİYYƏSİ ÖTƏN İLDƏKİNDƏN AŞAĞI OLACAQ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qar örtüyünün səviyyəsi ötən illə müqayisədə, bütövlükdə, 1,5-2 dəfə azdır, lakin Böyük Qafqazın Quba-Xaçmaz ərazisində nisbətən çoxdur. Yanvar-fevral aylarında yağıntıların səviyyəsi aşağı olsa da, martda qar çox yağmışdır.
Martın əvvəllərindən bəri respublikamızın bütün ərazisində müşahidə olunan yüksək temperatur dağların 1700-1800 metr hündürlüyündə qarın əriməsinə və çaylarda suyun səviyyəsinin artmasına gətirib çıxarmışdır. Hazırda Quba-Xaçmaz zonasında çaylarda suyun səviyyəsi normadan artıq, Lənkəran-Astara zonasında isə normanın 40-60 faizi qədərdir.
Avropa Orta Müddətli Proqnozlar Mərkəzindən nazirliyə daxil olan məlumata görə, Qafqazın mərkəzi ərazilərində yaz-yay aylarında yağıntıların səviyyəsi normaya yaxın, Böyük Qafqazın bəzi bölgələrində isə normadan artıq olacaqdır. Havanın temperaturunun kəskin surətdə artması ilə əlaqədar dağlarda qar örtüyünün əriməsi, habelə gözlənilən leysan yağışları nəticəsində Böyük və Kiçik Qafqazın Quba-Xaçmaz zonasının (Qudyalçay, Vəlvələçay, Qaraçay), Şəki-Zaqatala (Talaçay, Şinçay, Kişçay), Oğuz-Qəbələ-İsmayıllı (Əlicançay, Dəmiraparançay, Göyçay, Girdimançay) zonalarının, Naxçıvan MR-in (Naxçıvançay, Gilançay, Əlincəçay) dağ çaylarında qısamüddətli daşqın olacağı proqnozlaşdırılır.
Kür çayının deltasının lildən təmizlənməsi nəticəsində onun axma sürəti artmışdır ki, bu da suyun səviyyəsinin böhran həddinə qalxmasının qarşısını almağa imkan verəcəkdir. Lakin çayda suyun səviyyəsinin qisamüddətli qalxması, Salyan və Neftçala ərazilərində qrunt sularının üzə çıxması nəticəsində ayrı-ayrı günlərdə bir sıra bölgələri su basacaqdır.