Bu ilin əvvəlindən Qaxda 12 subartezian quyusu qazılıb
Qax, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il Qax rayonunda 17 subartezian quyusunun qazılması nəzərdə tutulub. Sərəncamın icrası olaraq, indiyədək rayonun kəndlərində 12 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması həyata keçirilir. Bu günlərdə rayonun Marsan kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.
Bildirilib ki, yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni subartezian quyularının qazıntısı işləri həyata keçiriləcək. Quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonunda 74 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 14-ü ötən il qazılıb.