BU İLİN SENTYABRINDA BBVB-DƏ REKORD HƏCMDƏ VALYUTA ƏQDLƏRİ BAĞLANMIŞDIR
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Beynəlxalq Bankı, “Azəriqazbank” Səhmdar- İnvestisiya Bankı, “Əmrahbank” kommersiya bankı, “Respublika” Səhmdar-Kommersiya Bankı, Birləşmiş Universal Səhmdar Bankı (BUSB) və “Rabitəbank” Kommersiya Bankı valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq surətdə birja valyuta bazarının lider bankları sırasına daxil olmuşlar.
Sentyabrda BBVB-də ABŞ dolları üzrə hərraclarda cəmi 32 bank iştirak etmişdir. Ötən ay 22 hərrac sessiyası keçirilmiş, 245 əqd bağlanmışdır. Sentyabr ayında birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi 719 milyard 953 milyon manat, yaxud 146,599 milyon dollar təşkil etmişdir ki, bu da avqustda olduğundan 52,78 faiz çoxdur. Sentyabr hərraclarının ümumi həcmində BEST elektron sistemində bağlanmış əqdlərin payı 77,457 milyon dollar, yaxud 53 faizdir. Avqustda AZM-nin orta hesablanmış məzənnəsi ABŞ dollarına nisbətdə 1 USD üçün 4914,47 manata bərabər olduğu halda, sentyabrda bu, 4911,04 manat təşkil etmişdir. Sentyabrda BEST-də Rusiya rublu üzrə əqdlərin həcmi 519,710 milyon manat olmuşdur.
Bütövlükdə, bu ilin yanvar-sentyabr aylarında BBVB-nin valyuta bölməsində hərracların həcmi 389 milyon dollardan bir qədər artıq olmuşdur ki, bu da ötən ilin 9 ayı ərzindəkindən 4,7 faiz çoxdur. Birja analitiklərinin fikrincə, sentyabr ayında SDV birja bazarının satış qabiliyyətinin güclənməsi BBVB-də elektron texnologiyalarının xeyli inkişaf etməsi, ötən rübün son ayında büdcə və vergi ödəmələrinin artması, habelə Azərbaycan Milli Bankının manatla müdaxiləsi ilə bağlıdır.