Bu ilin son aylarında zəhərli kimyəvi maddələrin sınaq yandırılma işləri planlaşdırılır
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanda uzun illər ərzində istifadə olunmuş, köhnəlmiş, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin yığılmış qalıqları mövcud olmaqla onların tam zərərsizləşdirilməsi problem olaraq qalmaqdadır. 2008-2020-ci illərdə Cəngi pestisid poliqonunda 9500 ton torpaq qarışığı və müxtəlif zəhərli kimyəvi maddələr basdırılıb, həmçinin 250 ton maye pestisid qəbul edilib. Maye pestisidlə bağlı rəqəm ötən il 188.9 ton olub.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.
Nazir bildirib ki, FAO ilə birgə icra olunan "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi layihəsi” çərçivəsində poliqonun anbarında mövcud olan, həmçinin müxtəlif fiziki və hüquqi şəxslər tərəfindən poliqona zərərsizləşdirilənədək saxlanılması üçün təhvil verilmiş istifadəyə yararsız və istifadəsi qadağan olunmuş maye halında pestisidlərin 217 tonu yenidən qablaşdırılıb: "Layihə çərçivəsində Cəngi pestisid poliqonunda yerüstü anbarda saxlanılan zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsinin təşkili və onların məhv edilməsi üçün imkanlar araşdırılıb və beynəlxalq ekspertlərin iştirakı ilə benefisiarların texniki və menecment imkanları qiymətləndirilib və müsbət nəticələr əldə edilib. Müvafiq qurumlarla razılıq əsasında davamlı üzvi çirkləndiricilərin məhv edilməsi üçün beynəlxalq təcrübəyə uyğun olaraq bu ilin son aylarında zəhərli kimyəvi maddələrin sınaq yandırılma işlərinin təşkil edilməsi planlaşdırılır. İlkin olaraq sınaq məqsədilə 40 ton pestisidin zərərsizləşdirilməsi nəzərdə tutulub. Sınaqlar uğurlu olacağı təqdirdə gələcəkdə poliqonda qablaşdırılmış köhnəlmiş pestisidlərin eyni qaydada məhv edilməsi planlaşdırılır".