BUDAPEŞTDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GECƏSİ KEÇİRİLMİŞDİR
Kitabxananın direktoru xanım Mender Tiborne qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycan səfirliyi Budapeştdə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, onların arasında mehriban dostluq əlaqələri və işgüzar münasibətlər yaranmış və belə bir tədbirin təşkili də birgə səylərin nəticəsidir.
Ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov çıxışında bildirmişdir ki, kitabxananın fondu ilə tanışlıqdan sonra onun 1956-cı ildən etibarən Azərbaycan barədə heç bir kitab almadığını öyrənmişdir. Ona görə də kitabxananın fondlarını mütəmadi olaraq ölkəmiz haqqında yeni kitablarla zənginləşdirmək qərara alınmışdır.
Azərbaycan Mədəniyyət Nazirliyi səfirliyimizin təşəbbüsünü dəstəkləyərək respublikamızın tarixi, mədəniyyəti və ədəbiyyatından söhbət açan müxtəlif nəşrləri bu kitabxanaya göndərmişdir. Kitablar Azərbaycanın mədəniyyət naziri adından kitabxananın direktoruna təqdim olunmuşdur.
Sonra macar alimi, musiqişünas, Macarıstan Elmlər Akademiyasının əməkdaşı Şipoş Yanoşun “Azərbaycanın xalq mahnıları” (“Azəri folk songs”) kitabının təqdimatı olmuşdur. Gecənin iştirakçıları Azərbaycan musiqisindən ibarət konsertin videoyazısına baxmış, müğənnilərimizin ifasında folklor sənətimizin ən yaxşı nümunələrini dinləmişlər.
Salonda kitablardan, SD-i və videodisklərdən, xalq yaradıcılığı məmulatından ibarət geniş ekspozisiya açılmışdı.
Gecədə Macarıstanın tanınmış sənətşünas alimləri, tarixçilər, kitabxanaların əməkdaşları, Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirdilər. Aparıcı televiziya kanallarından biri olan MTV bu münasibətlə səfir Həsən Həsənovdan müsahibə götürmüş və verilişlərindən birində yayımlamışdır.