Bundestaqın deputatı Ermənistan-Azərbaycan münaqişəsinin Madrid prinsipləri çərçivəsində mərhələli həllinə çağırıb
Berlin, 17 iyul, AZƏRTAC
Bundestaqın Solçular fraksiyasının portalında fraksiyanın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini, Almaniyanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Helin Evrim Zommerin “Ermənistan və Azərbaycan arasında münaqişəni sülh yolu ilə həll etmək lazımdır” başlıqlı bəyanatı dərc olunub. Bəyanatda Almaniya hökumətinə Minsk qrupunun üzvü kimi atəşkəs naminə çıxış etməsinə çağırış edilir. Bildirilir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin Dağlıq Qarabağ münaqişə bölgəsindən uzaqda, iki dövlətin beynəlxalq hüquqla tanınmış sərhədində eskalasiya etməsi onu göstərir ki, Cənubi Qafqazda partlayış riski vardır. Uzunmüddətli münaqişə yalnız beynəlxalq hüququn normalarına uyğun şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla həll edilə bilər. Bunun üçün ilk növbədə təcili olaraq atəşkəsə ehtiyac vardır.
Bəyanatda, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın Minsk qrupunun çərçivəsində aparılan danışıqlarda razılıq verdikləri Madrid baza prinsiplərini yerinə yetirməli olduqları vurğulanır. Qeyd edilir ki, bu prinsiplər ilk addım kimi Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərdən çıxarılması, Dağlıq Qarabağın erməni əhalisinə beynəlxalq təminatın verilməsi, 750 min azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtması, sonda Dağlıq Qarabağın yekun statusunun hər iki əhali qrupunun iştirakı ilə demokratik referendumla müəyyən edilməsini nəzərdə tutur.
Deputat, həmçinin Almaniya hökumətini Minsk qrupunun həmsədrlərinin vasitəçiliyinə daha güclü dəstək göstərməyə çağırır, Rusiyanın ən fəal vasitəçi kimi münaqişənin həllinə töhfə verə biləcək konkret təkliflər irəli sürdüyünə istinad edir, Almaniyanın da buna paralel olaraq inkişafa yardım əməkdaşlığı çərçivəsində sülhü təşviq edən və sabitləşdirici tədbirləri genişləndirməli, həmçinin “BMZ 30” islahat konsepsiyasında (AFR-in Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Almaniyanın inkişafa yardım sahəsində ikitərəfli əməkdaşlığının optimallaşdırılmasına dair konsepsiyası) Ermənistan və Azərbaycana bərabərhüquqlu sülh tərəfdaşı statusu verməli olduğunu vurğulayır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin