BÜTÜN TÜRK DÜNYASI QÜDRƏTLİ OĞLUNU İTİRDİ
- Bu gün çox ağır gündür. Prezident Heydər Əliyevin vəfatı xəbəri hamımızı sarsıtmışdır. Heydər Əlirza oğlu böyük bir epoxa, qüdrətli bir şəxsiyyət idi. Onun xalqımızın mədəniyyəti, incəsənəti üçün çox böyük xidmətləri olubdur.
Prezident Heydər Əliyevin cismən yoxluğu o demək deyildir ki, bu dahi insan bizim aramızda deyildir. O, uzun əsrlər boyu yaşayacaqdır. Biz Heydər Əliyev haqqında daim fəxrlə, iftixarla danışacağıq. O, Azərbaycanı vətəndaş müharibəsindən xilas elədi. O, Azərbaycanı qüdrətli bir ölkəyə çevirərək respublikamızın adını dünyaya tanıtdı. Ümumiyyətlə o, planetdə tanınmış ən qüdrətli siyasətçilərdən biri idi.
Bu gün təbii ki, bütün Azərbaycan matəm içərisindədir. Bu ağır itki ilə əlaqədar dünya dövlətləri rəhbərlərinin başsağlığı verməsi onu göstərir ki, Heydər Əliyev yer üzündə çox sayılan, seçilən və sevilən görkəmli şəxsiyyətlərdən biri idi.
Belə ağır dəqiqələrdə insanlar gərək səfərbər olsunlar ki, bu dahi insanın gördüyü nəhəng işlərin davam etməsi naminə birləşib onun yolu ilə gedə bilək. Biz Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı veririk. Belə itki onun üçün çox ağırdır. Heydər Əliyev ona ata idi, xalqımız isə onu baba çağırırdı.
Türk dünyasının qüdrətli bir insanı dünyasını dəyişmişdir. Prezident Heydər Əliyev bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər idi. O, əbədiyyətə qovuşdu. Amma onun nurlu siması qəlblərdə hər zaman yaşayacaq, gördüyü nəhəng, əzəmətli işlər illər, əsrlər keçdikcə unudulmayacaq, nəsillərin xatirəsində qalacaqdır.
Allah əzizimiz Heydər Əliyevə rəhmət eləsin! Mən millətimizə, xalqımıza dərin hüznlə başsağlığı verirəm.