BUXARADA ŞƏRQİN BÖYÜK ALİMİ GİJDUVANİNİN 900 İLLİYİ KEÇİRİLMİŞDİR
Yubiley tədbirində çıxış edən Özbəkistan Prezidenti İslam Kərimov demişdir: Gijduvaninin bütün əsərlərində insana və Vətənə məhəbbət hissləri, alicənablıq, ədalət, comərdlik prinsipləri ana xətt kimi keçir. Alimin bütün həyatı və fəaliyyəti bugünkü nəsil üçün nümunədir.
Çıxış edənlər söyləmişlər ki, alimin “Risaleyi-təriqət”, “Vəsiyyətnamə”, “Məslək əl-arifin” və başqa əsərlərində əxlaq və etika ön plana çəkilir, insan və onun cəmiyyətdəki yeri, dini və dünyəvi münasibətlər təhlil edilir.
“Buxara” mehmanxanasında “Gijduvani və sufilik” mövzusunda keçirilən elmi konfransda Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Tura Mirzəyev, Özbəkistan Ruhani İdarəsinin sədri müfti Əbdürrəşid Kori Bəhramov, xalq şairi Abdulla Aripov, YUNESKO-nun Özbəkistandakı nümayəndəsi Maykl Barri Leyn və başqaları Gijduvanini dünya din tarixində xüsusi yeri olan alim adlandırmışlar.
Maykl Barri Leyn demişdir: Qədim Buxara torpağı dünya elm tarixinə İmam Əl-Buxari, İbn Sina, Əbu Bəkr Narşahi, Əbdülxalıq Gijduvani, Bahəddin Nəqşibənd kimi böyük tarixi şəxsiyyətlər bəxş etmişdir. Bu gün bizim məqsədimiz onları daha çox təbliğ etmək və tanıtmaqdır.