BVF AZƏRBAYCANA TƏXMİNƏN 10 MİLYON DOLLAR KREDİT AYIRIR
Beynəlxalq Valyuta Fondunun Bakıdakı daimi nümayəndəliyi bildirmişdir ki, fevralın 20-də BVF-nin İcra Şurası Yoxsulluğun Azaldılması və İqtisadi Artımın Təmin Olunması Mexanizmi (PGRF) çərçivəsində Azərbaycanın proqram fəaliyyətinə ilkin baxılmanı başa çatdırmışdır. Bu, Azərbaycana BVF-dən tezliklə 8,05 milyon SDR (təxminən 10 milyon ABŞ dolları) kredit almağa imkan verəcəkdir.
İcra Şurasının Azərbaycana dair keçirdiyi müzakirələrdən sonra İcraçı direktorun müavini və sədr səlahiyyətlərini icra edən cənab Eduardo Aninat demişdir ki, Azərbaycanın güclü iqtisadi artım və inflyasiyanın aşağı səviyyəsi ilə müşayiət olunan son illərdəki makroiqtisadi fəaliyyəti təqdirəlayiqdir. Lakin yoxsulluq qalmaqdadır və ona görə də ölkə müxtəlif istiqamətlərdə iqtisadi artımı genişləndirərkən güclü makroiqtisadi fəaliyyətin qorunub saxlanmasına ehtiyac duyur. Hökumət struktur islahatları və dövlət idarəçiliyinin təkmilləşdirilməsinin həyata keçirilməsində cəsarətli addımları atmağa davam etməlidir. Bu baxımdan hökumətin PGRF-nin dəstəklədiyi proqram çərçivəsindəki fəaliyyət təqdirəlayiqdir.
Pul-kredit və büdcə-vergi siyasətləri möhkəm olaraq qalır və Azərbaycan Milli Bankının apardığı valyuta tənzimləmə siyasəti məqsədəuyğundur.
E. Aninat vurğulamışdır ki, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün də mühüm addımlar atılmışdır. Hesablama palatasının səlahiyyəti gücləndirilmişdir. Dövlət Gömrük Komitəsinin fəaliyyətinin kənardan qiymətləndirilməsi başa çatdırılmış və həmin qiymətləndirilmənin nəticələrinə əsaslanan islahat proqramı qəbul edilmişdir. Satınalmalar haqqında təkmilləşdirilmiş qanun qəbul olunmuş və hökumət Neft Fondunun auditi və ictimaiyyətə onun fəaliyyəti haqqında hesabatların təqdim edilməsi barədə öhdəliklər götürmüşdür.
Bank sistemində islahatların həyata keçirilməsində müsbət irəliləyiş əldə olunmuşdur. Lakin Azərbaycanda həqiqətən rəqabətli bank sisteminin inkişafı üçün şərait yaratmaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsini sürətləndirmək məsləhət görülür. Dövlətə məxsus digər bankın, Birləşmiş Universal Bankın sağlamlaşdırılması sahəsində irəliləyiş təqdirəlayiqdir və onun özəlləşdirilməsi qrafikinin hazırlanmasına dair hökumətin planı müsbət qarşılanır. Yoxsulluğun azaldılmasına yönəldilmiş strategiya sənədinin hazırlanmasında təqdirəlayiq irəliləyiş var.
Xatırladaq ki, PGRF kreditləri illik 0,5 faizlə və əsas borcun ödənilməsinə 5,5 il güzəşt verilməklə 10 il ərzində qaytarılır.