İQTİSADİYYAT
“CanSat Azərbaycan 2020” model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 1 fevral, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsində qalib gələn komandaların təltifetmə mərasimi olub.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə ölkənin 8 ali təhsil müəssisəsindən 23 komanda iştirak edib. Komandalar əsasən mexanika, elektronika, kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.
Müsabiqənin “Layihələndirmə” mərhələsinə 16 komanda keçdiyi halda, bunlardan yalnız 10-u finala vəsiqə qazanıb. Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, 4 komanda müsabiqənin şərtlərinə tam cavab verərək final mərhələsində iştirak edib.
Finalçılar real peyklərin iş prinsipi əsasında kütləsi 350 qram olan model peyklər hazırlayıblar. Münsiflər heyəti peyk modellərini siqnal - telemetriyanın qəbul edilməsi, müəyyən ərazinin şəklinin çəkilməsi, hündürlük, temperatur və təzyiqin müəyyən edilməsi missiyaları əsasında qiymətləndirib. Yekunda peyk modelinin hazırlanmasında bütün texniki şərtləri yerinə yetirən Bakı Mühəndislik Universitetinin “Rodimus” komandası “CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibi olub.
İkinci yeri Azərbaycan - Fransız Universitetinin “Canopus”, üçüncü yeri isə Milli Aviasiya Akademiyasını təmsil edən “Feniks” komandası qazanıb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 5 min, 3 min və 2 min manat məbləğində pul mükafatı təqdim edilib.
Artıq üçüncü dəfədir təşkil olunan “CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi tələbələrin kosmik sahədə nəzəri və praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və idarə olunması istiqamətində yerli kadrların yetişdirilməsi məqsədini daşıyır.
“CanSat Azərbaycan” müsabiqəsinin davamı olaraq tələbələri öz peyk modellərini hazırlamaq üçün mayın 26-29-da ölkəmizdə ilk dəfə keçiriləcək “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalının “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə qatılmağa dəvət edirik. Son qeydiyyat tarixi 2022-ci il fevralın 7-dir.
Qeydiyyat üçün: https://teknofest.az/az/competitions/competition/35