İDMAN
Cari il “Gömrükçü” idman klubunun üzvləri beynəlxalq və yerli yarışlarda 198 medal qazanıblar
![](/files/galleryphoto/2018/3/1200x630/15460708252275244680_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15460708252350444720_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15460708253956565258_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1546070825176565629_1200x630.jpg)
Bakı, 28 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunda 2018-ci ilin yekunları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu il Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də beynəlxalq səviyyəli yarışlarda ümumilikdə 753 medal qazanıblar. Bildirilib ki, qazanılan medallarda “Gömrükçü” idman klubunun təmsilçilərinin də böyük payı var. Belə ki, klubun təmsilçiləri 2018-ci ildə Avropa və dünya çempionatlarında, beynəlxalq və yerli yarışlarda 198 medal qazanıblar.
Diqqətə çatdırılıb ki, ötən il şaolin, güləş, boks, karate, futbol, futzal, cüdo, idman dırmanması, taekvondo, sambo idman növləri üzrə müxtəlif yaş qruplarında 18 açıq çempionat və birincilik keçirilib. Bu turnirlər arasında ilk dəfə təşkil edilən idman dırmanması üzrə beş ölkənin - Azərbaycan ilə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstan təmsilçilərinin iştirakı ilə keçirilən beynəlxalq açıq birincilik xüsusi qeyd olunub.
Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.