Cari ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır
Bakı, 14 aprel, AZƏRTAC
Pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir. Həmçinin cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5,1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Əldə olunan iqtisadi yüksəlişin aparılan islahatların nəticəsi olduğunu vurğulayan R.Vəlibəyov deyib: “Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”.
Azərbaycanın inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazandığını və heç kimdən dəstək almadığını diqqətə çatdıran Ramil Vəlibəyov əlavə edib: “Azad edilmiş torpaqlarda bu gün həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır. Azərbaycana edilən təzyiqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından dərhal sonra bərpa işlərinə başlanmasına, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad olunmuş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”.