“Caspian Agro” və “İnterFood” sərgilərində KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq
Bakı, 26 aprel, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinə müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mayın 17-19-da Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək. Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlığı, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq.
Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar mayın 7-dək https://smb.gov.az/az/contact-form/exhibition-form/1 vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər.