“CASPİAN OUTLOOK-2008”: AZƏRBAYCAN AVROPANIN DİQQƏT MƏRKƏZİNDƏDİR
Strateji forumun işində Azərbaycan nümayəndələri, o cümlədən Azərbaycan-Sloveniya parlamentlərarası işçi qrupunun rəhbəri, Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə də iştirak etmişdi. AZƏRTAC-ın xahişi ilə Z.Səmədzadə dövlətimizin başçısının bu Balkan ölkəsinə səfərinin və beynəlxalq forumun işində iştirakının doğurduğu geniş əks-səda barədə təəssüratını bölüşmüşdür.
- “Caspian Outlook-2008” beynəlxalq aləmdə əlamətdar hadisə oldu və təkcə Azərbaycanın deyil, həm də, mübaliğəsiz, bütün dünya ictimaiyyətinin diqqəti ona yönəlmişdi...
- Özü də, ilk növbədə, ölkəmizin Prezidenti İlham Əliyevin forumda iştirakı sayəsində. Dövlətimizin başçısının parlaq və əsaslandırılmış nitqi bütün forumun işini istiqamətləndirdi, belə mötəbər auditoriyaya Azərbaycanın bir sıra mühüm sahələr barədə nöqteyi-nəzərini daha yaxşı təsəvvür etməyə imkan verdi, inandırıcı surətdə sübut etdi ki, regionun lideri olan ölkəmiz öz milli mənafelərindən dönmədən, beynəlxalq meydana inamla daxil olur.
- Xahiş edirəm, forumun təşkilindən, orada müzakirə olunmuş ən aktual məsələlərdən danışardınız.
- Xüsusi vurğulamaq istəyirəm ki, forum ən yüksək səviyyədə təşkil edilmişdi və Azərbaycan nümayəndə heyətinin burada iştirakı əsla təsadüfi deyildi. Axı, Bled görüşündə bizim üçün də öncül olan bir sıra ümdə problemlər barədə canlı diskussiya getdi. Bunlar Avropanın geosiyasi və enerji təhlükəsizliyi, Xəzər hövzəsinin siyasi inkişafı və iqtisadi meyilləri, onun Avropa İttifaqı üçün əhəmiyyəti, Yaxın Şərq böhranının vəziyyəti və onun Xəzər regionunda sabitliyə mümkün təsiri, habelə Avropada aparılan mehriban qonşuluq siyasətinin əsas istiqamətləri ilə bağlı olan problemlərdir.
Forum Avropanın həm dövlət, həm də özəl sektorunun rəhbərliyi arasında ümdə məsələlərdə strateji dialoqun yaradılması və dəstəklənməsi məqsədilə Sloveniya Xarici İşlər Nazirliyinin və Strateji Tədqiqatlar İnstitutunun təşəbbüsü ilə keçirildi.
Forumun işində Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə nümayəndə heyətimizlə yanaşı, Sloveniyanın Baş naziri Yanez Yanşa, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi Məhəmməd əl-Baradei, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyer, Sloveniya və Slovakiyanın xarici işlər nazirləri və başqaları iştirak edirdilər. Bledə dünyanın işgüzar dairələrinin 180-dən çox nüfuzlu nümayəndəsi, 20-dən artıq ölkənin, habelə bir sıra beynəlxalq təşkilatların rəsmi təmsilçiləri, region dövlətlərinin tanınmış iqtisadçı və siyasətçiləri dəvət olunmuşdular.
Ümumiyyətlə, forumu Xəzər regionu ölkələrinin də fəal qoşulduqları dünya qloballaşma proseslərinin təkmilləşdirilməsinə yönəldilmiş ideyalar mübadiləsi üzrə çox mühüm tədbir hesab edirəm.
- Bleddə müzakirə olunmuş problemlər spektrində Azərbaycanın rolu strateji cəhətdən müəyyənedici rol kimi görünür...
- Təbii ki, belədir. Axı, forumun mövzusu Xəzər regionu və Xəzərin enerji ehtiyatları ilə bağlı idi. Bu enerji ehtiyatları isə dünyanın enerji təhlükəsizliyində getdikcə artan rol oynayır və bu məsələdə ölkəmizin rolu son dərəcə yüksəkdir. Əslində, bütün iştirakçılar bunu nəzərə çarpdırmağı yaddan çıxarmadılar. Onlar çıxışlarında xüsusən enerji ehtiyatlarının Avropaya nəqlinin şaxələndirilməsində Xəzəryanı dövlətlərin aparıcı rolunu vurğuladılar, bu regionda lider dövlət kimi Azərbaycana xüsusi diqqət yetirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev forumda söylədiyi nitqdə ölkəmizin müstəqilliyə qovuşduqdan sonra kəşməkəşli bir yol keçdiyindən danışdı. O dedi ki, 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycan Xəzər dənizindəki sektorunda yerləşən neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində dünyanın aparıcı neft şirkətləri ilə uzunmüddətli əməkdaşlıq qurmuşdur. “Açıq qapılar” siyasəti əcnəbi sərmayədarları cəlb etmiş və bunun nəticəsində son illər ərzində ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Xəzər dənizinin enerji resursları artıq Avropa və dünya bazarlarına çıxarılmaqdadır. Təkcə Ceyhan terminalından 17 milyon barreldən artıq xam neft yola salınmışdır. Bu neft Aralıq dənizi sahilinə ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gətirilmişdir. “Şahdəniz” yatağından çıxarılacaq Xəzər təbii qazının da yaxın vaxtlarda qitənin cənubuna nəql ediləcəyini nəzərə alsaq görərik ki, Azərbaycan karbohidrogen ehtiyatlarının ciddi ixracçısına çevrilir. Ölkəmizdə xarici sərmayəçilər üçün olduqca əlverişli mühit yaradılmışdır, ona görə də Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcmi baxımından regionda ən öncül yerlərdən birini tutur.
- Bu formatda və Sloveniyada Strateji forumun bəzi yekunlarını nəzərə alaraq, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının, Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət qurmasının perspektivləri, ölkəmizin Avropa dövlətləri ilə əməkdaşlığını genişləndirməyə kömək edən layihələr barədə fikrinizi bilmək istərdik.
- Prezident İlham Əliyevin nitqinin xeyli hissəsi inteqrasiya proseslərinə həsr olunmuşdu. Artıq bu gün Azərbaycan beynəlxalq və regional məsələlərdə fəal rol oynayır. Ölkəmiz əlverişli coğrafi məkanda yerləşdiyinə görə bütün mühüm nəqliyyat dəhlizləri onun ərazisindən keçir. Ölkə rəhbərliyi nəqliyyat infrastrukturumuzun modernləşdirilməsi sahəsində bir sıra genişmiqyaslı sərmayə proqramları həyata keçirir. Bir tərəfdən, Böyük İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizi, TRASEKA proqramı, digər tərəfdən isə, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanı Avropadan Asiyaya və geriyə yükdaşımaları sahəsində mühüm ölkəyə çevirir. Azərbaycan Avratlantik məkanına inteqrasiya sahəsində çox fəal işləyir. Ölkəmiz Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri üçün həyata keçirdiyi “Yeni qonşuluq siyasəti”nə daxil edilmişdir. Azərbaycanın regionda mövqeləri möhkəmdir və gələcəkdə daha da möhkəmlənəcəkdir. Bundan başqa, hökumət qarşıya qeyri-neft sektorunu fəal inkişaf etdirmək vəzifəsi qoymuşdur. İndi Avropanın bir çox ölkələri həm xalq istehlakı, həm də texniki təminat mallarının istehsalı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bir sözlə, ölkəmizin Avropa ilə əməkdaşlığını hər vasitə ilə genişləndirmək üçün bütün ilkin imkanlar var.
- İndi bir çox Avropa ölkələri iqtisadi ab-havanın yaxşılaşmasına yönəldilmiş ardıcıl islahatlar aparır. Ölkəmiz bu cür dəyişikliklərə nə dərəcədə hazırdır?
- Bu suala cavab verərkən, Azərbaycan Prezidenti İlham Əliyevin “Caspian Outlook-2008” forumunda nitqindən bir sitat gətirmək istərdim: “Təbii ki, Xəzər dənizindəki zəngin neft və qaz yataqlarının işlənilməsi ölkədə siyasi və iqtisadi islahatları çox fəal həyata keçirməyə imkan yaradır. Biz Azərbaycanda siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq və hesab edirəm ki, bu, uğurların əldə edilməsi üçün ilkin şərtdir. Əgər siz diqqəti yalnız iqtisadi islahatlara yönəltsəniz və demokratikləşmə, vətəndaş cəmiyyətinin yaradılması və qanunun aliliyinin təmin edilməsini bir kənara qoysanız, onda istədiyiniz nailiyyəti əldə edə bilməyəcəksiniz. Eyni ilə, deyə bilərəm ki, yalnız siyasi islahatlarla məşğul olacağınız və iqtisadi islahatlar aparmayacağınız təqdirdə, gündəlikdə duran iqtisadi layihələrin həyata keçirilməsi çətin olacaqdır. Yalnız siyasi və iqtisadi islahatların birgə reallaşdırılması və Avropa dəyərlərinə qəti sadiqlik güclü iqtisadiyyat, qanunun aliliyi, demokratik cəmiyyət qurulması əsasında bir çox uğurların əldə edilməsini mümkün edə bilər”.
Həqiqətən də, siyasi prosesləri bir kənara qoymaqla iqtisadiyyat qurmaq olmaz. Bu, sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər. Əlbəttə ki, həm siyasi, həm də iqtisadi sahədə dəyişikliklər dönmədən davam etdiriləcəkdir. Burada başlıcası ölkəmizin reallıqlarını və xüsusiyyətlərini, bu dəyişikliklərin milli maraqlarımıza nə dərəcədə uyğun olduğunu nəzərə almaqdır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyinin tutduğu xətt kifayət qədər optimaldır və ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı strategiyaya tamamilə cavab verir. Buna əldə edilmiş yüksək nəticələr inandırıcı sübutdur və respublika rəhbəri bu nəticələr barədə geniş xarici auditoriya qarşısında haqlı olaraq iftixarla danışmışdır. Ötən il ərzində ölkədə ümumi daxili məhsulun artımı 26 faiz, cari ilin altı ayı ərzində 36 faiz, sənaye istehsalının artımı isə, təxminən 40 faiz olmuşdur. Hörmətli Prezidentimizin qeyd etdiyi kimi, həmin rəqəmin gələn il də eyni səviyyədə qalması proqnozlaşdırılır. Ölkəmiz uzunmüddətli perspektivdə iqtisadiyyatımız üçün taleyüklü olacaq neft və qaz amilindən səmərəli şəkildə bəhrələnərək, sürətlə inkişaf edir.
- Əlbəttə, əgər Qarabağ problemi olmasaydı, təkcə ölkəmizin deyil, ümumən regionun da göstəriciləri qat-qat sanballı olardı. Ermənistanın ölkəmizin ərazisini işğal etməsi Avropada aşkar separatizm faktıdır…
- Bəli, artıq neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Torpaqlarımızın 20 faizi işğal edilib, burada iqtisadi və sosial infrastruktur tamamilə dağıdılıbdır. Məsələnin həlli ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında mümkündür. Prezident İlham Əliyev forumda hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini xüsusi vurğulayaraq demişdir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi yerinə yetirilməlidir. Dünya ictimaiyyətinin bu məsələyə qəti münasibətini bildirməsinin vaxtı gəlib çatmışdır. Demək lazımdır ki, görüşdə iştirak edənlərin böyük əksəriyyəti bu tələblərlə razı idi.
- Qarabağ probleminin nizama salınması mövzusuna Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri çərçivəsində yüksək səviyyədə danışıqlar zamanı da baxılmışdır…
- Üstəlik, Sloveniya tərəfi bu problemin həllinə özünün, həm də Avropa səviyyəsində kömək göstərməsini təklif etmişdir: 2008-ci ildə bu ölkə Avropa İttifaqında sədrlik edəcəkdir.
- Görünür ki, “Caspian Outlook-2008” forumu məxsusi olaraq Azərbaycan Prezidentinin Sloveniyaya ilk səfəri ilə bir vaxta salınmışdı?
- Sözsüz, siyasətdə təsadüflər olmur. Forum açıq və qarşılıqlı maraq xarakteri daşıyan ikitərəfli dialoqa öz səs-nəfəsini verdi. Hər iki tərəf siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətləri praqmatik müstəviyə keçirmək, digər sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafına diqqəti gücləndirmək niyyətində olduğunu bildirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimizin talelərində oxşar məqamlar kifayət qədərdir, müstəqilliyi də təxminən eyni vaxtda əldə etmişlər. İndi bu misilsiz nailiyyəti hər vasitə ilə möhkəmlətmək üçün iqtisadi potensialı inkişaf etdirmək vacibdir. Bu prosesdə dostun etibarlı dəstəyi isə son dərəcə vacibdir.
- Siz Sloveniyanın müstəqillik qazandığı vaxtdan keçdiyi yolu necə qiymətləndirirsiniz?
- Bu kiçik, lakin “Alp dağlarının dənizlə qovuşduğu” ərazidə yerləşən heyrətamiz dərəcədə gözəl ölkənin nailiyyətləri kifayət qədər böyük və olduqca ibrətlidir. “Sloveniya möcüzəsi” hələ 1980-ci illərin ortalarında, Şərqi Avropanın kommunist sisteminin süquta uğrayacağını heç kim ağlına belə gətirmədiyi vaxtlarda meydana gəlmişdir. Artıq o zaman Qərb mətbuatı nə ictimai həyat standartlarına, nə milli ruhuna, nə də inkişaf səviyyəsinə görə “kommunist ölkəsi” anlayışına heç cür uyğun gəlməyən bu kiçik Avropa respublikası haqqında aşkar rəğbət hissi ilə yazırdı.
Müstəqillik əldə edildikdən sonra Sloveniya iqtisadiyyatı nəzərəçarpan durğunluğa məruz qaldı. Buna səbəb o idi ki, keçmiş Yuqoslaviya daxilində satış bazarları itirilmişdi, təsərrüfatçılıq sistemi yönümünü dəyişərək, bazar qurumları yaradılmasına doğru istiqamətlənmişdi və valyuta ehtiyatları əldən çıxaraq, Belqrad Mərkəzi Bankının hesablarında qalmışdı. Ətraflı düşünülmüş, radikallıqdan, dağıdıcılıqdan uzaq olan iqtisadi tədbirlər vəziyyəti düzəltməyə imkan verdi. Artıq 1990-cı illərin ortalarında ölkənin iqtisadiyyatı yeni iqtisadi vəziyyətə tam uyğunlaşdı. Qeyd etmək lazımdır ki, Yuqoslaviyanın bütün tarixi ərzində Sloveniya iqtisadi inkişafın səviyyəsinə görə aparıcı mövqeyi özündə saxlamışdır. 1991-ci ildə Yuqoslaviyanın ümumi daxili məhsulunun 21,3 faizi onun payına düşürdü. Qərblə ənənəvi əlaqələr və milli mənafelərə cavab verən ehtiyatlı iqtisadi siyasət sayəsində Sloveniya Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə müqayisədə adambaşına düşən ÜDM-in daha yüksək səviyyəsinə nail olmuşdur. Son illər iqtisadi islahatlar yeni keyfiyyət kəsb edir. Dövlətin iqtisadiyyatda mötədil iştirakı, regional inkişaf, iş yerləri yaradılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi tədbirləri müsbət nəticələr verir. Avropa ölkələri arasında ən aşağı vergi dərəcəsi Sloveniyadadır. 1996-cı ildən başlayaraq, ölkənin iqtisadiyyatına iri məbləğdə xarici sərmayələr qoyulur və bu, lazımi nəticələr gətirmişdir. 2004-cü ildə ÜDM 37,1 milyard dollara, yəni adambaşına 19,2 min dollara çatmışdır, artım sürəti 3,2 faiz təşkil etmişdir.
Emal sənayesi Sloveniya iqtisadiyyatının, ənənəvi olaraq, ən mühüm sahəsidir. Onun əsasları hələ XIV əsrdə qoyulmuşdur, dəmir və polad istehsalının isə Sloveniya torpağında hətta iki min illik tarixi var.
Bu gün Sloveniyada yüksək keyfiyyətli polad, büllur məmulatı, əczaçılıq preparatları, çörəkbişirmə sənayesi üçün avadanlıq, aerodrom avadanlığı, məişət elektrik cihazları, alətlər, telefon aparatları, izolyasiya materialları və başqa məhsullar istehsal və ixrac edilir. Sloveniya iqtisadiyyatı, ilk növbədə, ixraca istiqamətlənmiş iqtisadiyyat kimi fəaliyyət göstərir. Ölkə öz məhsulunun 60 faizini Avropa İttifaqının bazarlarına göndərir. Yeri gəlmişkən, keçmiş Yuqoslaviyanın əksər ixracı məhz Sloveniyanın ticarət şirkətləri vasitəsilə həyata keçirilirdi, çünki onlar böyük beynəlxalq təcrübəyə və yaxşı nüfuza malikdirlər.
Metallurgiya, kimya, əczaçılıq, kənd təsərrüfatı kimi, demək olar, bütün aparıcı sahələrin məhsulları ixracyönümlüdür. “Qorenye” və “İskra” müəssisələrinin elektromexanika məhsulu, “Krka” firmasının dərmanları, “Elan” şirkətinin dağ xizəkçiliyi ləvazimatı bütün dünyada məşhurdur. Avtomobil sənayesində Sloveniya müəssisələri “Opel”, “Reno”, “BMV”, “Sitroyen”, “Folksvagen” kimi dünya şöhrətli avtomobil istehsalçıları ilə rəqabət aparır. Sloveniyanın sənaye məhsulları yaxşı keyfiyyəti, rəqabət qabiliyyəti və dünya səviyyəli dizaynı ilə fərqlənir.
Əsas kənd təsərrüfatı məhsulları kartof, qarğıdalı, buğda, qarabaşaq, mayaotu, alma və üzümdür. Sloveniya öz şərabları, əla meyvə şirələri, pendiri, un məmulatı, tərəvəz məhsulları ilə məşhurdur. Diqqətəlayiq haldır ki, kənd təsərrüfatı ilə əhalinin cəmi 4 faizinin məşğul olmasına baxmayaraq, ölkə bu sahənin məhsulları ilə özünü tamamilə təmin edir və xaricə də məhsul göndərir.
- Əlbəttə ki, Sloveniya məşhur beynəlxalq turizm mərkəzidir. Bu sahənin Azərbaycanda getdikcə daha sürətlə inkişaf etdiyini nəzərə alsaq, yəqin ki, onların təcrübəsi bizim üçün faydalı olar?
- Turizm milli gəlirin cəmi təxminən 3 faizini versə də, o, ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Landşaftın müxtəlifliyi, təbiətin gözəlliyi, ətraf mühitin yaxşı qorunub saxlanması, çoxlu sağlamlıq ocağının olması buraya minlərlə insanı cəlb edir. Hər il Sloveniyaya təxminən 2 milyon turist gəlir.
Sloveniyada turizmin infrastrukturunu hələ XIX əsrdə yaratmağa başlamışlar, onun bir çox kurortları hələ Birinci Dünya müharibəsindən əvvəl bütün Avropada şöhrət qazanmışdı. Son illər dağ xizəkçiliyi idmanı sürətlə inkişaf edir. Bu idman növü Azərbaycanda da inkişaf etdirilə bilər.
- Dövlətimizin başçısının rəsmi səfəri kontekstində Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin inkişafının əsas perspektivlərini necə təsəvvür edirsiniz?
- Perspektivlər, həqiqətən, çox ümidvericidir. Azərbaycanla Sloveniyanın təmas nöqtələri çoxdur. Hər iki respublika nisbətən bu yaxınlarda suveren dövlət olmuşdur, odur ki, keçid dövründə təcrübə mübadiləsi hər iki ölkə üçün çox önəmlidir. İqtisadiyyat Lyublyanada danışıqların əsas mövzularından biri idi. Ölkəmiz Sloveniya üçün təkcə enerjidaşıyıcıları göndərilməsi deyil, sənaye kooperasiyasının və ticarətin inkişafı baxımından da perspektivli tərəfdaşdır. İkitərəfli münasibətlərin öncül istiqamətləri Prezident İlham Əliyevin Baş nazir Yanez Yanşa ilə görüşündə müəyyən edildi. Qeyd olunduğu kimi, iqtisadiyyat, ticarət, turizm, kommunikasiyalar, təhsil, mədəniyyət, ətraf mühit sahəsində, humanitar məsələlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcəkdir. Hər iki tərəf əməli səviyyədə işgüzar əməkdaşlıq üçün şərait yaradılmasını davam etdirmək niyyətindədir və Azərbaycan-Sloveniya iqtisadi komissiyasının təsis olunması ideyasına sadiq qaldığını bildirmişdir.
- İki ölkə arasında qarşılıqlı fəaliyyətin dərinləşməsi prosesinə parlament qurumları da öz töhfəsini verməlidir. Azərbaycan-Sloveniya parlamentlərarası işçi qrupunun rəhbəri kimi, bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan nümayəndə heyətinin səfər proqramına sloveniyalı həmkarlarla fəal dialoq qurulması məsələsi də daxil idi. Parlamentlərarası əməkdaşlıq məsələləri Sloveniya parlamenti sədrinin müavini Saşo Peçe ilə görüşdə hərtərəfli müzakirə edildi. Söhbət zamanı ölkələrimiz arasında təkcə siyasi, iqtisadi münasibətləri deyil, parlamentlərarası əlaqələri də genişləndirməyin vacibliyi xüsusi vurğulandı. Biz özümüz də bu əlaqələrdə maraqlıyıq və yaxın gələcəkdə konkret addımlar atmaq, xüsusi proqram hazırlamaq qərarındayıq. Proqrama islahatların qanunvericiliklə təmin olunması, Avratlantik məkanına inteqrasiya üzrə təcrübə mübadiləsi və digər məsələlər daxil ediləcəkdir.
Biz dövlətimizin başçısının Sloveniyaya rəsmi səfərinin nəticələrini möhkəmləndirərək, səylərimizi dövlətlər arasında indiki əlaqələrin yeni keyfiyyətinə nail olmaq üçün müsbət təcrübə mübadiləsinə, regional səviyyədə, Avropa səviyyəsində və qlobal səviyyədə beynəlxalq sülhün və sabitliyin təmin edilməsi sahəsində birgə fəaliyyətə yönəltməliyik.